Ukraynada etirazlar - Erməni əsilli nazirin istefası tələb olunur

  01 Avqust 2018    Oxunub : 2457
Ukraynada etirazlar - Erməni əsilli nazirin istefası tələb olunur
Ukraynanın paytaxtı Kiyevdə etirazçılar Daxili İşlər Nazirliyinin (DİN) binası önünə yığışaraq, nazir Arsen Avakovun istefasını və Xerson şəhəri polis idarəsi rəhbərliyinin işdən qovulmasını tələb edirlər.
AzVision.az xəbər verir ki, bu barədə “112. Украина” telekanalı məlumat yayıb. Qeyd olunub ki, əhalinin DİN-in binası önünə toplaşmağa “Pyotr Poroşenko Bloku” partiyasından olan deputat Mustafa Nayem çağırıb.

Etirazların səbəbi isə, DİN-də korrupsiya hallarının çoxalmasıdır. Nümayişçilər hesab edir ki, daxili işlər naziri Arsen Avakov ölkədə daxili təhlükəsizliyi təmin etmək əvəzinə, oliqarxlaşır. Donbassdakı hərbi əməliyyatların veteranı Vitali Oleşkonun qətli və Xersona merinin məsləhətçisi Yekaterina Qandzyuka qarşı edilən hücum da etirazların alovlanmasına təkan verib.

“112. Украина” telekanalı xəbər verib ki, ukraynalıların əksəriyyəti DİN strukturlarında, xüsusən də Xerson şəhəri polis idarəsində məmurların maraqlarının kəsişdiyini fikirləşirlər.

Qeyd edək ki, Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov bu posta gəlməzdən əvvəl Ali Radada deputat olub. Bundan öncə də müxtəlif qanun pozuntularında ittiham edilib. Hazırda isə Avakov prezident Pyotr Poroşenkodan sonra Ukraynada ən nüfuzlu ikinci şəxs hesab olunur. Onun ailə üzvləri və yaxın ətrafına qarşı dəfələrlə cinayət işi açılıb, lakin hər dəfə Avakov məsələnin məhkəmə səviyyəsinə gedib çıxmasının qarşısını alıb. Məsələn, Avakovun oğlu vaxtilə dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunub. Lakin anti-korrupsiya üzrə xüsusi Prokurorluq nazirin oğlu üzərindən bütün ittihamları götürərək, məsələni bağlayıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ukrayna   erməni   etiraz   korrupsiya