İrəvanın Rusiya qorxusu - XİN Paşinyana qarşı çıxdı

İrəvanın Rusiya qorxusu - XİN Paşinyana qarşı çıxdı
  01 Avqust 2018    Oxunub:3589
Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid edərək xəbərdarlığından sonra Ermənistanın Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın mövqeyinə zidd olan bəyanat verib.
AzVision.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Armİnfo”ya verdiyi müsahibədə ölkədə baş verənlərlə əlaqədar Rusiya tərəfinin narahatlığı və qiymətləndirməsilə bağlı sualı cavablandırıb. Bildirib ki, İrəvan ölkədəki korrupsiya ilə mübarizə, hüquqi dövlət quruculuğu və şəffaf ədliyyə sisteminin yaradılması prosesilə bağlı beynəlxalq reaksiyaları izləyir.

Balayan bu proseslərin hazırkı hökumətin prioritet daxili məsələləri olduğunu desə də, ciddi şəkildə çalışıb ki, Moskvanı Ermənistanın xarici siyasət kursunun dəyişmədiyinə əmin etsin.

“Biz təsdiq edirik ki, parlament tərəfindən qəbul olunan hökumət proqramında aydın şəkildə göstərilən xarici siyasət prioritetlərimiz başlıca olaraq Rusiya və Ermənistanın müttəfiq münasibətlərinin bundan sonra daha da möhkəmləndirilməsi və dərinləşməsinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı çərçivəsindəkı əməkdaşlığın effektivliyinin artırılmasına istiqamətlənib. Biz bəyan etdiyimiz bu kursa qətiyyətlə əməl edirik”, – deyə Balayan vurğulayıb.

Qeyd edək ki, bu, Paşinyan hökumətində indiyədək səslənən ən Rusiyapərəst bəyanatdır. Lakin "RFI" radiosuna verdiyi müsahibədə baş nazir Nikol Paşinyan bildirib ki, bundan sonra Ermənistan birtərəfli (Rusiyapərəst – red.) xarici siyasət yürütməyəcək və ilk növbədə ölkənin milli maraqları prioritet tutulacaq. Hətta baş nazir postuna gəlməsinin 100 günlüyü münasibətilə bu gün Paşinyanın avqustun 17-nə təyin etdiyi dəstək mitinqi də Rusiyaya güc nümayişi kimi qiymətləndirilib. Hesab olunur ki, Paşinyan xalqın dəstəyinə sahib olduğunu göstərməklə gələcəkdə özünə qarşı həyata keçirilə biləcək istənilən təxribatın uğursuzluğa düçar olacağı ilə bağlı Moskvaya mesaj verib.

Xatırladaq ki, 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib. Ötən gün isə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyyət təşkil edir. Bir müttəfiq kimi Ermənistanda baş verənlər Moskvanı narahat edir və bu narahatlıq bir neçə dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti