ABŞ Afrikadakı hərbçilərini geri çağırır

ABŞ Afrikadakı hərbçilərini geri çağırır
  02 Avqust 2018    Oxunub:3033
ABŞ Silahlı Qüvvələrinin (SQ) Afrika komandanlığı SQ-in qərargah rəisləri Komitəsinə Afrikadakı amerikalı hərbçilərin sayının əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı müraciət göndərib. Söhbət ilk növbədə xüsusi təyinatlı bölmələrdən gedir.
AzVision.az bildirir ki, bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrinə istinadən məlumat verib. Komandanlıqda hesab edirlər ki, Afrikadakı hərbçilərin ixtisarı ABŞ prezidenti Donald Tramp administrasiyasının terrorla mübarizə sahəsində aktivliyin azaldılması hesabına Rusiya və Çinin qarşısının alınmasına yönələn müdafiə doktrinası ilə daha çox uzlaşacaq.

Lakin Pentaqonun rəsmi nümayəndəsi Şeril Klinkel məlumatı təkzib edərək bildirib ki, Afrikada hərbi əməliyyatlar həyata keçirən amerikalı qoşunların say tərkibinin dəyişdirilməsi barədə hələ ki heç bir qərar verilməyib.

Qeyd edək ki, ABŞ Afrikanın 10-dan çox ölkəsində xüsusi təyinatlı qüvvələrini yerləşdirib. Onların başlıca vəzifəsi həmin ölkələrdə, xüsusən də Somali, Nigeriya və Kamerundakı terror qruplaşmaları ilə mübarizə və yerli hərbçilərlə məsləhətləşmələrin aparılmasıdır. Amerikalı hərbçilərin Afrikadakı iştirakı köməkçi xarakter daşısa da, bir çox hallarda onlar birbaşa silahlı toqquşmaların iştirakçısı olublar və nəticədə öldürülüblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Afrika   ABŞ   Pentaqon  





Xəbər lenti