İsraildən Əsədə qarşı gözlənilməz addım

İsraildən Əsədə qarşı gözlənilməz addım
  02 Avqust 2018    Oxunub:4185
Suriya ilə müharibə şəraitində olan və Bəşər Əsəd rejimini regionda sabitliyə əsas təhdidlərdən biri hesab edən İsrail gözlənilmədən rəsmi Dəməşqin Suriyanın cənubunda əldə etdiyi uğurları tərifləyib.
AzVision.az xəbər verir ki, İsrailin müdafiə naziri Aviqdor Liberman bu gün verdiyi açıqlamada Suriya ordusunun ölkədəki “vətəndaş müharibəsində” əldə etdiyi qələbələri həm prezident Bəşər Əsəd, həm də region üçün potensial sabitləşdirici fayda kimi qiymətləndirib.

“Əsədin qələbəsi labüd və gözlənilən idi. Hesab edirik ki, vəziyyət müharibədən əvvəlki şəraitə qayıdır. Və bu, o deməkdir ki, orada (Suriyada – red) real ünvan, məsuliyyəti öz üzərinə ala biləcək şəxs və mərkəzi idarəçilik var”, – deyə İsrailin şimalındakı müdafiə birliklərinə baş çəkən Liberman jurnalistlərə açıqlamasında bildirib.

Liberman Dəməşqə münasibətdə bu cür müsbət notları ötən gecə İŞİD-in Suriyadakı qolunun İsrail ərazisinə hücum etmək cəhdinin ardından səsləndirib. İsrail ordusu bəyan edib ki, Colan təpələrinə endirilən raketlə 7 terrorçu məhv edilib.

Lakin Liberman təriflə yanaşı Dəməşqə xəbərdarlıq da edib. Bildirib ki, İsraillə Suriya arasında uzunmüddətli sakitliyin olması üçün Əsəd Colan təpələrində demilitarizasiya zonalarını müəyyənləşdirən monitorinqli atəşkəslə bağlı 1974-cü il BMT qətnaməsinə əməl etməlidir. Həmçinin, Dəməşq İranın Suriyada İsrailə qarşı hərbi bazalar yaratmasına icazə verməməlidir.

Əsəd hökuməti isə hələlik Libermanın söylədiklərini şərh etməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Colan   Suriya  





Xəbər lenti