Çavuşoğlu ABŞ-a meydan oxudu: “Sanksiyalar nəticə verməyəcək”

Çavuşoğlu ABŞ-a meydan oxudu: “Sanksiyalar nəticə verməyəcək”
  03 Avqust 2018    Oxunub:4939
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Sinqapurdakı forumu çərçivəsində ABŞ dövlət katibi Mayk Pompeo ilə apardığı danışıqları yüksək qiymətləndirib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Çavuşoğlu görüşün konstruktiv keçdiyini bəyan edib. Bildirib ki, Pompeo ilə ikitərəfli münasibətləri müzakirə edib və ölkələri arasında mövcud olan mübahisəli məsələlərin həlli üzrə işləri davam etdirmək barədə razılığa gəliblər. Bu mənada, Çavuşoğlu Vaşinqtonun son qərarı ilə bağlı Ankaranın narazılığını da ABŞ dövlət katibinin diqqətinə çatdırıb.

“Təhdidlər və sanksiyalar dili hansısa nəticələrə gətirməyəcək. Düşünürəm ki, Amerika tərəfinə bu məqam aydın oldu”, - deyə Türkiyə XİN rəhbəri bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da yaxşı olmayan ikitərəfli münasibətlərdə gərginliyi artırıb.

Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Məhkəmə ittihamları təsdiq etsə, Bransonu 35 il həbs cəzası gözləyir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti