Çavuşoğlu ABŞ-a meydan oxudu: “Sanksiyalar nəticə verməyəcək”
“Təhdidlər və sanksiyalar dili hansısa nəticələrə gətirməyəcək. Düşünürəm ki, Amerika tərəfinə bu məqam aydın oldu”, - deyə Türkiyə XİN rəhbəri bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da yaxşı olmayan ikitərəfli münasibətlərdə gərginliyi artırıb.
Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Məhkəmə ittihamları təsdiq etsə, Bransonu 35 il həbs cəzası gözləyir.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


