Ermənistan silah alışı üçün Rusiyadan yenə kredit qoparmaq istəyir

Ermənistan silah alışı üçün Rusiyadan yenə kredit qoparmaq istəyir
  03 Avqust 2018    Oxunub:7177
Ermənistan silah alışı ilə bağlı növbəti – 3-cü kredit paketini almaq üçün Rusiyaya müraciət edə bilər.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri David Tonoyan açıqlama verib. Jurnalistlərin “İrəvan Rusiyadan silah almaq üçün yenə kreditlə bağlı müraciət edəcəkmi?” sualına Tonoyan “yəqin ki, bəli” cavabını verib.
Erməni naziri əlavə edib ki, hələlik bu məsələ üzrə danışıqlar aparılmır. Ermənistan müdafiə naziri həmçinin, 3-cü kredit paketinin məbləğini açıqlamayıb.

Qeyd edək ki, 2016-cı ildə Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar məbləğində kredit ayırıb və kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi prosesi başa çatıb. 2017-ci ilin oktyabrında isə silah tədarükü ilə bağlı 100 milyon dollar məbləğində ikinci kredit paketi ayrılıb və hazırda bu proses üzrə İrəvana silah verilməsi prosesi davam etdirilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   silah  





Xəbər lenti