Palata nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət edib
Dövlət qulluqçularına ixtisas dərəcələrinin vaxtından əvvəl verilməsi nəticəsində 7 halda artıq əmək haqqı ödənilmiş, gəlir vergisi üzrə güzəşt tətbiq edilərkən “təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər” barədə müvafiq arayışlar alınmayıb, vəsaitlərdən səmərəli istifadə edilməyərək tələbatdan artıq müxtəlif adda mal-material qiymətliləri alınaraq uzun müddət anbarda saxlanılıb, xüsusi geyimlər üzrə illik tələbatdan 4-5 dəfə artıq qalıq olduğu halda, yenidən həmin geyimlərin alınmasına vəsait yönəldilmiş, müxtəlif markalı katriclərin bir hissəsi istifadə müddəti başa çatdıqdan sonra alınıb.
Malların satınalınması zamanı satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti, habelə satınalma prosedurlarında iştirak edən malgöndərənlərin ixtisasına dair tələblər mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilməyib, keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib.
Hesablama Palatasının kollegiyası Azərbaycan Milli Arxiv İdarəsitərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərilib.
Kollegiya həmçinin Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən müxtəlif markalı katriclərin bir hissəsinin istifadə müddəti başa çatdıqdan sonra alınması, 2017-ci ildə "Mətbəə xərcləri" paraqrafı üzrə keçirilmiş açıq tenderin nəticəsi üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsi halları üzrə müvafiq materialların Baş Prokurorluğa göndərilməsini qərara alıb. Auditin nəticələri ilə bağlı Milli Məcliə məlumat veriib.
AzVision.az
Teqlər: Hesablama-Palatası Baş-Prokurorluq