İsrail Qəzzaya köməyə gedən Avropa gəmisini ələ keçirib

İsrail Qəzzaya köməyə gedən Avropa gəmisini ələ keçirib
  04 Avqust 2018    Oxunub:3987
İsrail Qəzza zonasının blokadasını yararaq fələstinlilərə humanitar yardım aparmağa çalışan Avropa gəmisini saxlayıb.
AzVision.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bu, bir həftə ərzində İsrailin saxladığı ikinci Avropa gəmisidir. “Freedom” adlı İsveç bayrağı altında üzən gəmi “Freedom Flotilla” qrupuna məxsusdur və Danimarkanın Kopenhagen limanından yol alıb. Gəminin içərisində 12 fələstinli fəal və tibbi yardım olduğu bildirilir. Bundan əvvəl saxlanılan, Norveç bayrağı altında üzən gəmi də bu şirkətə məxsus olub.

“Bizim silahlı qüvvələrimiz Qəzza zonasında tətbiq olunan qanuni dəniz blokadasını yarmağa çalışan Avropa gəmisini tutublar. Gəminin hərəkəti nəzarətə götürülərək, beynəlxalq hüquqa uyğun şəkildə saxlanılıb.” - deyə məlumatda bildirilir. O da vurğulanır ki, Qəzza zonasına humanitar yardım mütləq xüsusi olaraq hazırlanan Aşdod İsrail limanı vasitəsilə çatdırılmalıdır. Həmçinin, İsrail ordusunun mətbuat xidməti gəmi ələ keçirilərkən heç bir insidentin baş vermədiyini qeyd edib.

Lakin “Freedom Flotilla” bildirib ki, saxlanılan İsveç gəmisi hücuma məruz qalıb və içərisindəki insanlara qarşı güc tətbiq olunub. Heyətlə əlaqə kəsilib.

Xatırladaq ki, “Həmas” təşkilatı 2007-ci ildə Qəzzanı beynəlxalq birlik tərəfindən tanınan Fələstin hakimiyyətinin əlindən aldıqdan sonra İsrail hökuməti Qəzza zonasına silah ötürülməsinin qarşısını almaq üçün blokada tətbiq edir. Lakin tənqidçilər bu addımın Qəzzadakı 2 milyon fələstinliyə qarşı kütləvi cəzalandırma üsulu olduğunu bildirilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Fələstin   Avropa   Qəzza  





Xəbər lenti