Ərdoğan ABŞ nazirlərinin bank hesablarını dondurdu
“Dünən axşamadək səbr etdik. Bu gün mən öz dostlarıma tapşırıq verirəm: əgər Amerikanın ədliyyə və daxili işlər nazirlərinin Türkiyə banklarında hesabları varsa, onları dondurun. ABŞ-ın sanksiya qərarını qəbul etmək mümkün deyil. Bu məsələdə ABŞ prezidenti Donald Trampı oyuna gətiriblər. Oyunu quranları da tanıyrıq. Cənab Tramp bu oyunu pozmalıdır.” – deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.
Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.
Leyla Elbrusqızı
AzVision.az