İsraillə “Həmas” arasında 5 illik atəşkəsin detalları

İsraillə “Həmas” arasında 5 illik atəşkəsin detalları
  06 Avqust 2018    Oxunub:3895
BMT və Misirin vasitəçiliyi ilə “Həmas” təşkilatı və İsrail arasında sülh razılaşmasına dair aparılan danışıqların detalları üzə çıxıb.
AzVision.az Anadolu agentliyinə istinadən bildirir ki, İsrailin “Hadashot” telekanalı “Həmas”la imzalanması planlaşdırılan uzunmüddətli - 5 illik atəşkəs sazişinin elementləri və necə həyata keçiriləcəyini müzakirə etmək üçün İsral hökumətinin rəsmiləri Qətərə səfər edib.

Əldə edilən məlumatlara əsasən, ikitərəfli sülhə nail olunduğu təqdirdə ilk olaraq, Qəzza zonasının Misir tərəfdən olan sərhəd qapısı Refah daimi əsasda açılacaq və Qəzzaya İsrail ticarət məhsullarının idxal və ixrac edildiyi Kərm Əbu Səlim sərhəd keçid məntəqəsində İsrailin qoyduğu blokada yüngülləşdiriləcək.

Mümkün sülh razılaşmasının ikinci mərhələsində isə, “Həmas”la “Fəth”in öz aralarında anlaşma əldə etdikdən sonra Misirin himayəsilə Fələstin hökumətinin Qəzzada nəzarəti ələ alacağı göstərilir. Lakin fələstinlilərin “Həmas” və “Fəth” təşkilatları arasındakı mübahisə səbəbindən razlıaşmadakı bu bəndin necə həyata keçiriləcəyi açıq qalır. Əgər müsbət irəliləyiş və qarşılıqlı anlaşma əldə olunarsa, Fələstin hökuməti 2017-ci ilin martından etibarən Qəzzadakı dövlət işçilərinin dondurduğu əmək haqqlarını yenidən ödəyəcək və 6 ay müddətində Qəzzada seçkilər keçiriləcək.

Həmçinin, sülh danışıqlarında Misirin Sinay yarımadasında Qəzzanın da istifadə edə biləcəyi bir limanın tikilməsi də müzakirə mövzusudur. O cümlədən, razılaşmanın mətnində “Həmas”ın əlində olduğu bildirilən 2 israilli əsgər və 2 mülki şəxsin təhvil veriləcəyilə bağlı maddə də var. Lakin bunun qarşılığında İsraillə əsir mübadiləsinin aparılacağına dair hər hansı məlumat verilmir. Sülhə dair razılaşma imzalanacağı təqdirdə, bundan sonra “Həmas” Qəzza zonasından İsrail tərəfinə yanan uçurtmalar və balonlar göndərilməsinin qarşısını almaq üçün müvafiq addımlar atmaldıır.

Qeyd edək ki, Qəzza zonasına Fələstinin beynəlxalq birlik tərəfindən tanınan leqitim hökumətinin rəhbəri, prezident Mahmud Abbasın liderlik etdiyi Fələstin Azadlıq Təşkilatına müxalif olan və onun hakimiyyətini tanımayan "Həmas" hərəkatı nəzarət edir. Qəzzadakı 2 milyon fələstinli 2006-ci ildən etibarən israilin tətbiq etdiyi quru, hava və dəniz blokadası səbəbindən olduqca çətin şərtlər altında yaşayırlar.

Bundan əvvəl FAT Qəzzaya tətbiq edilmiş blokadanın yumşaldılması qarşılığında İsraillə birtərəfli saziş imzalamaq cəhdlərinin Fələstində milli birlik və barışığa zərər vurduğunu açıqlayıb. Onların fikrincə, “Həmas”ın imzalayacağı birtərəfli sülh Fələstin xalqına yeni zərbə, İsrailə isə hədiyyə olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Fələstin   Qəzza  





Xəbər lenti