İraqda səslərin əllə sayılması başa çatdı

İraqda səslərin əllə sayılması başa çatdı
  06 Avqust 2018    Oxunub:3540
İraq Seçki Komissiyası bəyan edib ki, mayda ölkədə keçirilən parlament seçkilərindən sonra səslərin əllə sayılması prosesi başa çatdırılıb.
AzVision.az İraqın dövlət televiziyasına istinadən bildirir ki, Komissiya vaxta qənaət etmək və prosesi qısaltmaq qərarına gəlib. Nəticədə paytaxt Bağdadın bir hissəsində səslərin yenidən sayılması ləğv edilib.

Səslərin əllə sayılması prosesinin başa çatması İraqda yeni hökumətin qurulmasını sürətləndirəcək.

Xatırladaq ki, 12 may parlament seçkilərində səslərin sayılmasında və səsvermə prosesində saxtakarlığa yol verildiyinə dair əhalinin iddiaları qarşısında iyunda İraq Məclisi (parlament) səslərin yenidən əllə sayılması barədə qərar qəbul etmişdi. Lakin bu qərarın icrasından öncə, seçkilərin nəticələrini müəyyənləşdirən səsvermə bülletenlərinin olduğu seçki qutularının saxlanıldığı ən böyük depoda qəfildən yanğın baş verib.

Nəticədə İraq parlamentinin sədri Səlim əl-Cuburi və prezidentin köməçisi İyad Allavi yanğın səbəbi ilə seçkilərin yenidən keçirilməsini təklif edib. Parlament seçkilərinin qalibi, 54 mandat qazanan “Əs-Sayrun” şiə blokunun lideri Müqtəda əs-Sədr isə yanğında məqsədin onun partiyasının qələbəsini – seçkilərin nəticələrinin ləğv edilməsi olduğunu bəyan edib.

Seçki böhranı İraqda yeni hökumətin qurulmasını gecikdirib. Nəticədə baş nazir Heydər əl-İbadi bildirib ki, səslərin əllə sayılmasından sonra Konstitusiya Məhkəməsi seçki nəticələrini təsdiq etdiyi gündən etibarən yeni parlament və müvafiq olaraq hökumət qurulacaq. Lakin seçki böhranı səbəbindən hazırkı hökumət işini davam etdirəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:



Xəbər lenti