Qərbdən İrana dəstək: ABŞ-ın sanksiyalarını blokladı

Qərbdən İrana dəstək: ABŞ-ın sanksiyalarını blokladı
  07 Avqust 2018    Oxunub:4207
Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarını Aİ ərazisində etibarsız qılan bloklayıcı reqlament qəbul edib. AzVision.az-ın xəbərinə görə, bunu Aİ Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva deyib.
Onun sözlərinə görə, 7 avqust tarixində Aİ-nin İranla biznes əlaqəsi olan avropalı şirkətləri ABŞ-ın eksterritorial sanksiyalarının təsirindən qoruyacaq yenilənmiş bloklayıcı reqlamenti qüvvəyə minib.

“Sənəd həmçinin, avropalı şirkətlərə xarici məhkəmələrin həmin sanksiyalar əsasında qəbul edilmiş istənilən qərarını və məhdudlaşdırıcı tədbirləri icra etmələrinə qadağa qoyur.” – deyə, Avrokomissiyanın nümayəndəsi bildirib.

Aİ rəsmisi həmçinin vurğulayıb ki, qəbul olunan qanun ABŞ sanksiyaları nəticəsində zərər çəkə biləcək avropalı şirkətlərə kompensasiya ödənilməsini də nəzərdə tutur.

Xatırladaq ki, bu gündən etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyuter proqramlarının ticarəti dayandırılacaq. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropaİttifaqı   İran   ABŞ   sanksiya  





Xəbər lenti