Paşinyanın xanımının Qarabağla bağlı dedikləri erməniləri hiddətləndirdi

Paşinyanın xanımının Qarabağla bağlı dedikləri erməniləri hiddətləndirdi
  07 Avqust 2018    Oxunub:12739
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iyulun 24-də Rusiyanın paytaxtı Moskvada yerləşən məşhur Tretyakov qalereyasında rusiyalı xanım ictimai-siyasi xadimlərlə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsilə bağlı səsləndirdiyi fikirlər Ermənistan ictimaiyyətinin böyük hiddətinə səbəb olub.
AzVision.az erməni KİV-lərinə istinadən bildirir ki, həmin görüşdə Anna Dağlıq Qarabağ münaqişəsinin hansı səbəblərdən yaranmasının heç bir önəminin olmadığını, həmçinin, azərbaycanlı və erməni gənclərin eyni baxışa sahib olduqlarını bəyan edib.

Annanın dediklərindən qəzəblənən Ermənistan cəmiyyəti bunu 2 cür qiymətləndirib: ya Paşinyanın xanımının münaqişə ilə bağlı heç bir bilgisi və ümumiyyətlə siyasi savadı yoxdur, ya da ki Anna münaqişə zonasında erməni əsgərlərinin ölməsinə heç də kədərlənmir və onların ruhunu təhqir edir. Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən bu məsələyə şərh yazan bir çox erməni hətta bildirib ki, öz torpaqlarını geri qaytarmaq uğrunda vuruşan azərbaycanlı gənclərdən fərqli olaraq, cəbhəyə göndərilən erməni əsgərləri nəyin uğruna savaşdıqlarının heç fərqində belə deyillər. Hətta müqayisə üçün Azərbaycan ordusundakı yüksək döyüş ruhu da bununla izah edilib.

Məsələnin böyüdüyünü görən Paşinyanın xanımı bu günkü mətbuat konfransında dediklərinə aydınlıq gətirməyə çalışıb. Bildirib ki, Moskvada səsləndirdiyi sözlərilə ölən erməni əsgərlərinin ruhunu təhqir etmək, yaxud anaların acısına biganə qalmaq niyyəti olmayıb. Sadəcə çıxış etdiyi auditoriya üçün münaqişənin tarixi və səbəbləri elə də vacib olmayıb.

“Münaqişənin nə səbəbdən meydana gəlməsi vacib olsa da, bu məsələdə əsas vurğunu nəyə qoymağımızı bilməliyik. Mənim çıxışımda əsas mesaj müharibəyə “yox” demək idi.” – deyə Anna bildirib. Onu da əlavə edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağda irimiqyaslı hərbi toqquşmanın mümkünlüyünə dair ehtimallar daha da artır.

Lakin Paşinyanın xanımının bu izahatı Ermənistan cəmiyyətinin, xüsusən də gənclərin qəzəbini tam soyutmayıb. Erməni mediası isə maraqlı məqama diqqət çəkib: Paşinyanın mövqeyi hətta öz xanımıilə də üst-üstə düşmür. Çünki Annadan fərqli olaraq o, münaqişədə “səbəb” məsələsinə daha çox diqqət ayırır. Paşinyanın Dağlıq Qarabağın danışıqlar masası arxasına gətirilməsilə bağlı tələbləri də bunu göstərir. Lakin bunu heç də Qarabağ ermənilərini fikirləşdiyi üçün yox, gələcəkdə münaqişə ilə bağlı istənilən uğursuzluqda məsuliyyətdən qaçmaq üçün edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ   Rusiya   Azərbaycan  





Xəbər lenti