Bakı BMT-nin oyununa ev sahibliyi edəcək

Bakı BMT-nin oyununa ev sahibliyi edəcək
  19 Oktyabr 2013    Oxunub:1136
Bakı BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa ev sahibliyi edəcək
2012-2013-cü illərdə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə 21 – 25 oktyabr 2013-cü il tarixlərdə Bakı şəhərində BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyunununa (Model United Nations Security Council) start veriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, simulasiya oyununun əsas mövzusu kimi “Kiber təhlükəsizlik” seçilmişdir. Tədbir iştirakçılarının simulasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl 2 gün ərzində (21-22 oktybar 2013-cü il tarixlərdə) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçiriləcəkdir. Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Rabitə və İnformatika Texnologiyaları naziri Əli Abbasov, Xarici İşlər Nazirinin müavini Araz Əzimov və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir zamanı BMT baş katibi Ban Ki Moon-un video müraciəti də nəzərdə tutulub. .

Məlumat üçün bildiririk ki, BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisi cənab Əhməd Əlhəndavinin Bakıya səfəri başlayıb.

Qeyd edək ki, 26 avqust 2013-cü il tarixdə gənclər və idman nazirinin müavini İntiqam Babayevlə BMT-nin Nyu-York qərargahında görüşü zamanı cənab Əlhəndavi 2014-cü ilin iyul ayında BMT-nin Gənclər siyasəti üzrə ekspertlərinin I Dünya Simpoziumunun Bakıda keçirilməsi təklifi ilə çıxış etmiş və bu təklif müsbət qarşılanıb.


Teqlər:





Xəbər lenti