Kolumbiyadan İsrailə “diplomatik sillə”

Kolumbiyadan İsrailə “diplomatik sillə”
  09 Avqust 2018    Oxunub:2447
Kolumbiya hökumətinin Fələstinin müstəqilliyini tanımaq barədə qərarı İsraildə sillə kimi qiymətləndirilib.
AzVision.az bildirir ki, İsrailin Kolumbiyanın paytaxtı Boqotadakı səfirliyi bu cür bəyanat verib.

“Söhbət sadiq müttəfiqə vurulan sillədən gedir. Bu, bizim ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinə və liderlərimizin yaxınlığına zidd addımdır. Bu cür qərardan təəssüf hissi keçiririk. ” – deyə, bəyanatda vurğulanır. Həmçinin bildirilir ki, İsrail Kolumbiyanın sabiq prezident Xuan Manuel Karlos hökuməti tərəfindən qəbul olunan Fələstinin müstəqil dövlət kimi tanınması qərarına yenidən baxılmasını istəyir.

Qeyd edək ki, Kolumbiyanın Fələstini beynəlxalq münasibətlərin müstəqil subyekti kimi tanımasına dair məlumatı 8 avqustda Fələstin hökumətinin Boqotodakı diplomatik missiyası yayıb. Avqustun 7-də isə İvan Duke Markes Kolumbiyanın yeni prezidenti olub. İsrail hökuməti Kolumbiyanın əvvəlki hakimiyyətinin bu qərarı barədə xəbərsiz olub.

Xatırladaq ki, 2015-ci ilin statistikasına əsasən, BMT-yə üzv olan 193 ölkədən 136-sı Fələstinin müstəqilliyini tanıyıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Kolumbiya   Fələstin  





Xəbər lenti