Moldova ABŞ-a ərazi verməkdən imtina etdi

  09 Avqust 2018    Oxunub : 2020
Moldova ABŞ-a ərazi verməkdən imtina etdi
Moldova prezidenti İqor Dodon ölkənin keçmiş stadion ərazisini Amerika səfirliyinin yeni binasının tikilməsi üçün verməkdən imtina edib.
AzVision.az bildirir ki, bu barədə Dodon özünün “Facebook” səhifəsində bəyan edib.

“Bu gün mən, keçmiş Respublika stadionu ərazisində ABŞ səfirliyinin yeni binasının tikilməsini özündə ehtiva edən ikitərəfli memorandumun icrasını imzalamaqdan imtina etdim. Ölkə vətəndaşlarının böyük əksəriyyəti kimi, mən də hesab edirəm ki, keçmiş stadiounun ərazisində Moldovanın bütün sakinlərinin istifadə edə biləcəkləri istirahət parkı, yaxud mədəniyyət mərkəzi yaratmaq lazımdır.” – deyə, Dodon vurğulayıb.

Bundan əvvəl Dodon Moldovadakı ABŞ səfiri Ceyms Pettitə diplomatik missiyanın yeni binası üçün başqa məkan tapmaqda köməklik təklifi etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ nümayəndələri səfirliyin binası üçün Moldovanın keçmiş Respublika stadionunun ərazisini əldə etmək istədiklərini bəyan etmişdilər. Bunun ardından Vaşinqtonla Kişinyov müvafiq memorandum imzaladılar və iyulda Moldova parlamenti stadion ərazisinin ABŞ səfirliyinə verilməsini nəzərdə tutan sənədi təsdiq etdi. Hökumətə isə danışıqlar aparmaq və alqı-satqı üzrə müqavilə imzalamaq qalırdı. Lakin prezident İqor Dodon ikitərəfli memorandumun icrasından imtina etdi.

Moldovanın Respublika stadionu 1952-ci ildə tikilib və yarışların keçirilməsi üçün müvafiq kriteriyalara artıq uyğun gəlmədiyinə görə 2007-ci ildə sökülüb.


Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Moldova   ABŞ