Xəzərin statusu məsələsində heç kəsə diktə edilməyib - Karasin

Xəzərin statusu məsələsində heç kəsə diktə edilməyib - Karasin
  09 Avqust 2018    Oxunub:3844
Bu həftənin bazar günü – avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dövlət başçılarının V sammiti keçiriləcək. Görüşdə 20 ildən çoxdur ki, üzərində mürəkkəb və intensiv iş aparılan Xəzərin hüquqi statusuna dair yekun Konvensiyanın imzalanacağı gözlənilir.
AzVision.az bildirir ki, sammit ərəfəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin imzalanması planlaşdırılan yekun Konvensiya ilə bağlı “Kommersant”ın müxbiri Yelena Çernenkonun suallarını cavablandırıb.

Bildirib ki, növbəti sammit üçün seçilən tarix olduqca əhəmiyyətli və simvolikdir. Çünki 2007-ci ildən etibarən sahilyanı ölkələrdə 12 avqust Xəzər Günü kimi qeyd olunur. Və həmin bayram günündə dövlət başçıları üçün çox yaxşı hədiyyə hazırlanıb – Xəzərin hüquqi statusuna dair bütün tərəflərlə razılaşdırılmış Konvensiya Karasinə görə, bu cür kompleks beynəlxalq müqavilənin qəbul olunması ilə, SSRİ-nin dağılmasilə başlayan Xəzərin bütöv bir tarixi mərhələsi və bir sıra problemlər arxada qalacaq və gələcəyə hədəflənən yeni tarixi mərhələyə start veriləcək.

Konvensiyanın qəbulunun daha çox hansı ölkəyə xeyir gətirəcəyilə bağlı sualı cavablandıran Karasin bildirib ki, “Sənəd bütün iştirakçı dövlətlərə bərabər faydalar gətirəcək. Konvensiya nəinki sahilyanı ölkələr arasında etimadı və bütövlükdə Xəzərdə təhlükəsizliyi gücləndirəcək, həmçinin, iqtisadi əməkdaşlığın, investisiya cəlbediciliyinin və Xəzər beşliyinin rəqabətqabiliyyətliliyinin artmasına, birgə layihələrin reallaşdırılmasına səbəb olacaq.

Lakin müxbir Çernenko 20 illik danışıqlardan sonra Xəzərin statusu ilə bağlı həqiqətən də maraqlara qarşılıqlı hörmət əsasında yekun razılıq əldə olunmasının real səslənmədiyini deyib. Lakin Rusiya XİN rəsmisi bildirib ki, bu məsələdə heç bir tərəfə təzyiq, yaxud diktə edilməyib.

“İndi beynəlxalq münasibətlərdə yeni oyun qaydalarının formalaşmasına dair çox fikirlər səslənir. Lakin mürəkkəb məsələlərin həlli zamanı dövlətlərin və xalqların kompromisslər axtarması həqiqətən də vacibdir. Çoxillik diplomatik iş nəticəsində beş ölkənin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın olduqca fərqli mövqelərini real şəkildə yaxınlaşdırmaq mümkün olub. Və bu zaman heç bir diktə və əl burması olmayıb. Biz ümumi su hövzəmizdə hər birimiz üçün məqbul olan davranış kodeksinin müəyyənləşdirilməsinə sakit və praqmatik formada nail olmuşuq. Çünki biz hamımız qonşuyuq və sülh və dostluq şəraitində yaşamaq istəyirik.

Karasin Xəzərin göl, yaxud dəniz olmasilə bağlı mövcud fikir ayrılıqlarını da şərh edib. Bildirib ki, onlardan heç biri Xəzərə şamil edilməyəcək: “Xəzər dənizinin xüsusi hüquqi statusu olacaq. Bu, onun özünəməxsus coğrafi və hidroloji və xarakteristikaları ilə izah edilir. Xəzər Dünya okeanına birbaşa çıxışı olmayan qitədaxili su hövzəsidir və bu səbəbdən, dəniz kimi nəzərdən keçirilə bilməz. Lakin ölçüsünə, suyunun tərkibinə və dibinin xüsusiyyətlərinə görə Xəzər göl də hesab edilə bilməz. Ona görə də, dəniz hüququna üzrə BMT-nin 1992-ci il Konvensiyasının müddəaları, o cümlədən, transsərhəd göllərə münasibətdə istifadə olunan prinsiplər Xəzərə tətbiq edilə bilməz.”

Müxbirin “məlum olduğu qədər, Konvensiya ən mübahisəli vacib məsələlərdən biri – dənizin dibinin bölünməsi məsələsinə tam aydınlıq gətirə bilməyib. Bu o deməkdirmi ki, dibin bölünməsi problemi bilərəkdən Konvensiyada ehtiva olunmayıb və ölkələr arasından bu sənəddən kənar ayrıca formada nizamlanacaq?” sualına isə Karasinin cavabı belə olub.

“Xəzəryanı dövlətlər bu cür məsələlərin öz qonşlarilə ikitərəfli və üçtərəfli formatda nizamlanması yollarını çoxdan tapıblar. Yəni beştərəfli formatda yox. Fikrimcə, bundan əvvəl Rusiya, Azərbaycan və Qazaxıstan, o cümlədən Qazaxıstanla Türkmənistan arasında imzalanan razılaşmalar dənizin cənub hissəsinin delimitasiyasında da nümunə ola bilərlər. Bununla belə, Konvensiyada yalnız dənizin dibindən istifadə məsələsində bu cür məhdudlaşdırmanın məqsədi aydın şəkildə göstərilir və iştirakçı tərəflər üzərinə öhdəlik qoyulur ki, dəniz dibinin bölgüsünü beynəlxalq hüquqa söykənən danışıqlar əsasında aparsınlar. Sahilyanı ölkələr delimitasiyanı başa çatdırdıqdan sonra öz sektorlarının dibindəki resursları üzərində tam yurisdiksiya əldə edəcklər. Amma Xəzərin su səthinin hüquqi statusu və bölgüsü fərqlidir.” – deyə, Karasin qeyd edib.

“Hərbi gəmilərin hərəkəti və hərbi təlimlərin keçirilməsi məsələsində Konvensiyda Moskvanın maraqları nə dərəcədə nəzərə alınır?” sualına isə Rusiya XİN rəsmisi “Konvensiyada bu məsələ ilə bağlı ümumi prinsiplər müəyyənləşdirilib. Rusiyanın maraqlarına gəlincə, onlar tam həcmdə nəzərə alınır. Konvensiyada göstərilən rejim Rusiya hərbi dəniz qüvvələrinin inkişafına, rus hərbi gəmilərinin ümumi su məkanında sərbəst üzməsi və hərəkətinə zəmanət verir. Həmçinin, Konvensiyada gəmilərin sahilyanı zonalarda və intensiv təsərrüfat fəaliyyəti rayonlarında təhlükəsiz hərəkət qaydaları da müəyyənləşdirilib.” cavabını verib.

Sonda Karasin onu da vurğulayıb ki, Xəzərin hüquqi statusuna dair Konvensiya imzalansa belə, Aktaudakı sammit sahilyanı dövlət başçılarının yekun sammiti olmayacaq: “Əgər əvvəlki illərdə biz hüquqi cəhətdən məcburi xarakter daşıyan cəmi 9 ədəd beştərəfli sənəd işləyib hazırlamışıqsa, Aktauda irimiqyaslı beynəlxalq müqavilədən başqa, hökumətlərarası 6 yeni sazişin imzalanması da gözlənilir. Konvensiyanın qəbulundan sonra Xəzər formatı daha da möhkəmlənəcək. Daimi əsasda fəaliyyət göstərən yeni məsləhətləşmələr meydanının formalaşmasının vaxtı çatıb.”

Bu mənada rusiyalı diplomatın fikrincə, bazar günü Aktaudakı sammitdə olduqca maraqlı yeni ideyalar səslənəcək və hətta ola bilsin ki, Xəzəryanı ölkələr yeni regional əməkdaşlıq strukturu yaratsınlar.


Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Xəzər   Rusiya   Azərbaycan  





Xəbər lenti