Çində 2 milyon uyğur türkünün dəhşətli taleyi

Çində 2 milyon uyğur türkünün dəhşətli taleyi
  11 Avqust 2018    Oxunub:22220
Çində 2 milyon uyğur türkü, müsəlman azlıqlar etnik və ideoloji fərqliliklərinə görə siyasi həbs düşərgələrində saxlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi məlumat yayıb.
“Əldə etdiyimiz çoxsaylı etibarlı məlumatlara istinad edərək bildiririk ki, Çində dini ekstremizm və sosial sabitliyi qorumaq adı altında görülən tədbirlər nəticəsində Sincan-Uyğur Muxtar Vilayətinin (SUMV) dünyadan gizli saxlanılan kütləvi məhbəs düşərgəsinə, bir növ “heç bir hüquq yoxdur zonası”na çevrilməsindən dərin narahatlıq hissi keçiririk. Biz Çini öz əks-səmərəli siyasətinə son qoymağa və qeyri-məhkəmə yolu ilə qanunsuz həbs edilənlərin hamısını sərbəst buraxmağa çağırırıq”, – deyə Komitənin üzvü Qay MakDuqall Cenevrədə keçirilən iki günlük iclasda Çin üzrə məruzəni açıqlayarkən bildirib.

O, qeyd edib ki, Çindəki uyğur və müsəlmanlara sırf etnik-ideoloji kimliklərinə görə “dövlətin düşməni” kimi rəftar olunur, onların dövlət tərəfindən hüquqi mühafizəsi təşkil edilmir və dini azadlıq verilmir.

Qay MakDuqall məruzə edib ki, Misir və Türkiyə kimi ölkələrdə təhsil alıb, Çinə dönən 100-dən çox uyğur tələbə dərhal həbs olunub və çoxu da həbsxanada nəzarət altında saxlanılarkən ölüb. Lakin Cenevrə iclasında iştirak edən 50 nəfərdən ibarət Çin nüməyandə heyəti xanım diplomatın iradlarına heç bir reaksiya verməyib.

Çin rəhbərliyi bundan əvvəl iddia etmişdi ki, Çinin qərbində yerləşən SUMV-dəki silahlı müsəlmanlar və separatçılar regionda yerləşən uyğur etnik azlığı ilə bölgədə çoxluq təşkil edən Çinin Han etnik qrupu arasında gərginliyi artırmağa və silahlı hücumlar təşkil etməyə çalışırlar.

Qeyd edək ki, Çinin İnsan Hüquqları Müdafiəçiləri təşkilatı daxil olmaqla, bir sıra QHT-lərin ötən ay yaydıqları hesabatda Çində ümumilikdə 2017-ci il üzrə həbs sayının 21 faizinin SUMV-də qeydə alındığı bildirilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Çin   Uyğur   BMT  





Xəbər lenti