Səudiyyə neftdən asılılığını azaldır

Səudiyyə neftdən asılılığını azaldır
  13 Avqust 2018    Oxunub:1950
Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondu 5% paya sahib olduğu “Tesla” şirkətinə irimiqyaslı sərmayə yatırmağa hazırlaşır və bunun üçün şirkətin nümayəndələrilə danışıqlara başlayıb.
AzVision.az bildirir ki, bu barədə “Bloomberg” Fonddakı etibarlı mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, bundan əvvəl Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondunun şirkətdə sahib olduğu səhm paketinin artırlıması barədə “Tesla”nın təsisçisi İlon Maskla apardığı danışıqlar uğursuz olub. Çünki o, Fondun təklifindən imtina edib. Lakin indi “Tesla”nın səhmdarları Maskı məhkəməyə verdiyi bir zamanda Fond yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlib.

Səudiyyənin Dövlət İnvestisiya Fondundan onu da bildiriblər ki, hələ “Tesla”ya konkret təkliflər verməyiblər. Amma danışıqlar davam edir. “Bloomberg” qeyd edir ki, danışıqlar müsbət yekunlaşsa Səudiyyə Ərəbistanı “Tesla”ya 82 milyard dollarlıq investisiya qoyacaq və bununla da, şirkətdəki 5 faizlik payını əhəmiyyətli dərəcədə artıracaq.

O da vurğulanır ki, Fond “Tesla”da səhmlərini artırmaqda qərarlıdır və bu işə strateji məsələ kimi yanaşır. Çünki dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa və dövlət gəlirlərinin diversifikasiyasına çalışır.

Qed edək ki, elektrotexnika və fizika üzrə tanınmış alim Nikola Teslanın şərəfinə adlandırılan Amerikanın “Tesla” şirkəti elektromobillərin (elektrik enerjisi ilə işləyən avtomobillər) istehsalı və günəş enerjisi üzrə ixtisaslaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   Tesla   ABŞ   Neft  





Xəbər lenti