“Ankara Vaşinqtonla danışıqlara hazırdır, amma...” – Çavuşoğlu

“Ankara Vaşinqtonla danışıqlara hazırdır, amma...” – Çavuşoğlu
  13 Avqust 2018    Oxunub:1310
Rəsmi Ankara ABŞ-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıdır, amma ABŞ-ın təzyiqləri qəbuledilməzdir və nəticə verməyəcək. AzVision.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu belə deyib.
“Son zamanlar bizim ABŞ-la münasibətlərimiz istənilməyən bir nöqtəyə gəlib. Bütün sənədləri təqdim etməyimizə rəğmən, onlar FETÖ (Fətullahçı Terror Təşkilatı) məsələsi üzrə bir addım belə atmayıblar. Biz münasibətlərimizin sağlam olmasını gözləyirik. Təhdidlər və sanksiyalarla heç kəs Türkiyədən nəsə əldə etməyəcək. Biz barışdan yanayıq, amma bu zaman təzyiqlər olmamalıdır. Danışıqlar masası arxasına oturmağımız və bir-birimizə qarşı hörmətlə yanaşmağımız lazımdır.” – deyə, Çavuşoğlu bildirib.

Türkiyəli nazir, həmçinin, ABŞ rəhbərliyini Türkiyə ilə strateji müttəfiqlik və tərəfdaşlıq münasibətlərini pozmaqda günahlandırıb: “Onlar öz daxili siyasi problemlərini Türkiyənin hesabına həll etmək istəyirlər. Ankara isə həmişə olduğu kimi özünü ən yüksək səviyyədə konkstruktiv aparır. Türkiyənin imicini korlamaq cəhdlərinə baxmayaraq, biz investisiyalar üçün ən cəlbedici ölkələrdən biri olaraq qalırıq.”

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti