Xameneyidən etiraf: Problemlərimizin kökü daxildədir

Xameneyidən etiraf: Problemlərimizin kökü daxildədir
  13 Avqust 2018    Oxunub:1742
İranın ali dini lideri Ayətulla Əli Xameneyi bəyan edib ki, ölkə iqtisadiyyatı xarici sanksiyalardan daha çox daxildəki problemlərdən əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə Xameneyi İrandakı mövcud iqtisadi çətinliklərlə bağlı Tehranda vətəndaşlarla keçirdiyi bu günkü görüşündə bəyan edib.

“Analitiklər və hökumətin nümayəndələri də razıdırlar: bizim bu günkü var olma problemlərimiz xaricdən yaranmayıb. Problemlərimiz daxili xarakter daşıyırlar.” – deyə, İranın ali dini lideri etiraf edib.

Xameneyinin sözlərinə görə, problemlərin səbəblərindən biri də ölkə rəhbərliyinin səhvləridir.

Xatırladaq ki, 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyuter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

ABŞ-ın sanksiyaları İran milli valyutasının dollar qarşısında ucuzlaşmasına səbəb olub. Nəticədə son bir neçə həftədə İranın bir sıra bölgələrində əhali ölkədə getdikcə artan bahalaşma və iqtisadi problemlər, rialın dollar qarşısında dəyərdən düşməsilə əlaqədar hökumət əleyhinə etirazlar keçirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Sanksiya   ABŞ  





Xəbər lenti