Uçan körpünün yanında alternativ yol salınır

Uçan körpünün yanında alternativ yol salınır
  06 Mart 2013    Oxunub:1769
Ələt-Astara yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki qəzaya uğramış körpünün yaxınlığında daha bir alternativ yolun salınmasına başlanılıb.
AzVision.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Mişarçayın digər tərəfində də alternativ yolun istifadəyə verilməsi nəzərdə tutulur: “Ərazidə nəqliyyatın normal gediş-gəlişini təmin etmək məqsədilə martın 4-də saat 21:30 radələrində çay üzərindən borular atılaraq çınqıl örtüklü alternativ yol salınıb və yol bütün növ avtomobillərinin istifadəsinə verilib. Bu gündən isə çayın digər tərəfində ikinci alternativ yolun salınmasına başlanıb. Əraziyə materiallar göndərilib. Çayın üzərindən dəmir borular atılıb. Bu gün axşam və ya sabah səhər saatlarında ikinci alternativ yol da sürücülərin istifadəsinə veriləcək. Beləliklə də, hər bir alternativ yoldan bir hərəkət istiqaməti üzrə (biri Astara, digəri Bakı istiqamətində) istifadə olunacaq ki, bu da yolda nəqliyyatın rahat hərəkətini təmin edəcək”.

P. Mürsəliyev onu da qeyd edib ki, qəzaya uğramış körpünün əsaslı təmiri davam etdirilir və yaxın 15-20 gün ərzində yol ötürücüsü sürücülərin istifadəsinə veriləcək.

Qeyd edək ki, martın 4-də saat 02:00-03:00 radələrində ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb. Hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Qeyd olunan körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir. (APA)



Teqlər:  





Xəbər lenti