Rahib Bransonun şikayəti rədd edildi

Rahib Bransonun şikayəti rədd edildi
  15 Avqust 2018    Oxunub:2233
Türkiyənin İzmir şəhər Ağır Cinayətlər Məhkəməsi amerikalı keşiş Endryu Bransonun ev dustaqlığından azad olunmasilə bağlı tələbi ikinci dəfə rədd edib.

AzVision.az “CNN Türk”ə istinadən xəbər verir ki, məhkəmə Bransonun sərbəst buraxılması və Türkiyə ərazisini tərk etmək hüququnun bərpa olunması ilə bağlı şikayətini təmin etməyib.
Xatırladaq ki, amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Lakin avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin tətbiqi barədə qərar verib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. 13 avqust gecəsinədək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra hazırda lirə bir qədər möhkəmlənərək dollara nisbətdə 6.1 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Branson  





Xəbər lenti