Türkiyədən ABŞ-a cavab: Gömrük rüsumu ikiqat artırıldı

Türkiyədən ABŞ-a cavab: Gömrük rüsumu ikiqat artırıldı
  15 Avqust 2018    Oxunub:1340
Türkiyə ABŞ-dan idxal olunan 22 adda məhsula qoyulan gömrük rüsumunu ikiqat artırıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Rühsar Pekcan bildirib.

“Amerikanın 22 məhsuluna qoyduğumuz gömrük rüsumunu ikiqat artırmışıq. Artırdığımız gömrük tariflərinin ümumi həcmi 533 milyon dollar təşkil edir”, – deyə Pekcan vurğulayıb. Nazir əlavə edib ki, ABŞ Ankaranın yeganə ticarət tərəfdaşı deyil və Türkiyənin alternativ bazarlara çıxışı var.

“ABŞ önəmli ticarət ortağımızdır, amma yeganə tərəfdaşımız deyil. Başqa tərəfdaşlarımız və alternativ bazarlar da var. ABŞ-ın ədalətsiz sanksiyaları qarşısında türk şirkətlərinin haqqını qorumaqdan əsla imtina etməyəcəyik, lazımi cavabı verəcəyik. Amerikanın polad və alüminiuma əlavə vergi qərarı ABŞ şirkətlərinə də mənfi təsir edəcək” –türkiyəli nazir deyib.

Qeyd edək ki, Vaşinqtonun Türkiyədən alınan polad və alüminiuma tətbiq etdiyi ikiqat ticarət tariflərinə cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan idxal olunan tütün məmulatlarına qoyulan rüsumun 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artırılmasilə bağlı qərar imzalayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti