Türkiyə-Aİ münasibətləri normallaşır

  16 Avqust 2018    Oxunub : 290
Türkiyə-Aİ münasibətləri normallaşır
Türkiyə ilə Avropa İttifaqının (Aİ) münasibətləri normallaşmağa başlayıb və Ankara viza rejiminin sadələşdirilməsi üzrə Aİ ilə danışıqları davam etdirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Vaşinqton-Ankara siyasi böhranı fonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bizim Aİ ilə münasibətlərimiz daha sağlam əsasda normallaşmağa başlayıb. Biz viza rejiminin sadələşdirilməsi üzrə Aİ ilə danışıqları davam etdirmək niyyətindəyik. Qarşıdakı günlərdə Türkiyə XİN nümayəndə heyətinin Aİ Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansla görüşü baş tutacaq. Biz viza rejiminin liberallaşdırılması məsələsi üzrə Aİ ilə əlaqələri intensivləşdirmək niyyətindəyik”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman təşkilat Avropa İqtisadi Birliyi adlanırdı – red.) assosiasiya sazişini imzalayıb. 1987-ci ildə isə Ankara İttifaqa üzv olmaq üçün müraciət ərizəsi təqdim edib. Lakin üzvlük məsələsilə bağlı danışıqlara yalnız 2005-ci ildən start verilib. Tərəflər arasındakı fikir ayrılıqlarına görə bu danışıqlar bir neçə dəfə dayandırılıb. Brüssel 2016-cı ilin yayında Türkiyədə dövlət çevrilişinə cəhd məsələsi üzrə çox sayda insanın – hərbçilər, vəzifəli şəxslər, KİV təmsilçiləri və hətta əcnəbilərin həbs olunmasını qəti qınasa da, ötən ilin martında Ankaranın Avropanın miqrant böhranında yardım göstərməsi müqabilində danışıqlar yenidən bərpa edilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Türkiyə   Avropaİttifaqı