ABŞ-ın 350 media orqanı Trampa qarşı birləşdi

ABŞ-ın 350 media orqanı Trampa qarşı birləşdi
  16 Avqust 2018    Oxunub:1482
Amerikanın “Boston Globe” qəzeti kütləvi informasiya vasitələrinin (KİV) müstəqilliyini ABŞ prezidenti Donald Trampdan qorumaq üçün aksiya elan edib. Aksiyaya Amerikanın 350-yə yaxın nüfuzlu qəzet və xəbər portalları, jurnallar və digər KİV nümayəndələri qoşulublar. Hətta televiziya və radio şirkətləri də Trampa qarşı kampaniyaya qoşulmaq niyyətlərini açıqlayıblar.
AzVision.az CNN telekanalına istinadən xəbər verir ki, “Boston Globe” aksiyada iştirak edən KİV nümayəndələrini Trampın azad mətbuata hücumlarının təhlükəsi barədə yazılar dərc etməyə çağırıb. Lakin bu zaman kopyalama üsulu ilə eyni ümumi xəbər bir neçə media tərəfindən paylaşılmamalı, hərə öz məhsulu və araşdırmasını ortaya qoymalıdır. Televiziya və radiolar isə həmin yazıları geniş ictimaiyyətə yayımlaya, yaxud müvafiq mövzu üzrə müxtəlif materiallar hazırlaya bilərlər.

“Boston Globe”un manşetində qeyd olunur ki, “İndi ABŞ-a elə bir prezident rəhbərlik edir ki, hazırkı ABŞ administrasiyasının siyasətini dəstəkləməyən jurnalistlərin xalqın düşməni olduğunu hər dəfə mantra kimi təkrarlayır. Bu, prezidentin yalan ifadələrindən sadəcə biridir.”

Həmçinin vurğulanıb ki, mətbuatın müstəqilliyi prinsipi Amerika cəmiyyətinin əsaslarından biri hesab olunur.

Xatırladaq ki, iyulda Tramp ikinci prezidentlik müddətinin sonunadək “saxta KİV-in” reytinqlərinin düşəcəyi və bağlanacaqlarını bəyan edib. ABŞ prezidenti jurnalistləri saxta xəbərlər yaymaqda dəfələrlə ittiham edərək, onları “xalqın düşməni” adlandırıb. Trampın fikrincə, Amerika mediasının ən yalançı üzvləri CNN, NBC, CBS, ABC telekanalları və “The New York Times” qəzetidir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: ABŞ   KİV   Azadmedia  





Xəbər lenti