İtaliyada körpü faciəsində xeyli insan itkin düşüb

  16 Avqust 2018    Oxunub : 608
İtaliyada körpü faciəsində xeyli insan itkin düşüb
İtaliyanın şimalındakı Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində ölənlərin sayı hazırda 38 nəfərdir. 15 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.
AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın “Rai” dövlət televiziyasının canlı efirində jurnalistlərin sualını cavablandıran baş nazir Cüzeppe Konti məlumat verib.

Onun sözlərinə görə, faciə nəticəsində çox sayda insan itkin düşüb və hazırda onların axtarışı davam etdirilir. Konti həmçinin deyib ki, körpünün çökməsi nəticəsində ölənlərin dəfn mərasimi şənbə günü dövlət tərəfindən keçiriləcək. Həmin gün İtaliyada milli matəm elan olunacaq. Bundan əvvəl isə Genuya prefekturası körpü faciəsi nəticəsində ölənlərin 39 nəfər olduğunu bildirmişdi.

İtaliyanın baş naziri faciənin bütün məsuliyyətini ölkənin avtomobil yollarının idarəsi ilə məşğul olan “Autostrade per l'Italia” şirkətinin üzərinə qoyub. O bildirib ki, hökumətlə bağladığı sazişə müvafiq olaraq körpünün tikilməsinə həmin şirkət cavabdeh olub. Baş verən insidentlə əlaqədar Konti artıq bu kompaniya ilə müqavilənin dayandırılması və ona qarşı 150 milyon avro məbləğində sanksiyanın tətbiqi barədə göstəriş verdiyini deyib.

Xatırladaq ki, avqustun 14-də səhər saatlarında Genuya şəhərindəki avtomobil körpüsünün 200 metrlik hissəsi yüz metr hündürlükdən aşaraq onun altında yerləşən yaşayış evlərinin və dəmiryolunun üzərinə çöküb. İnsident zamanı körpünün üzərində 30-dan çox avtomobil olub. Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib ki, avtomobil körpüsünün uçması insan səhvi üzündən baş verib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İtaliya   Genuya