Çin ABŞ-a hücuma hazırlaşır

  17 Avqust 2018    Oxunub : 532
Çin ABŞ-a hücuma hazırlaşır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hesab edir ki, Birləşmiş Ştatlar və onun müttəfiqlərinə havadan zərbələr endirməyə hazırlaşdığı üçün Çin hərbçiləri bombardmançı təyyarələrlə keçirilən hərbi təlimlərin sayını kifayət qədər artırıblar.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Çin həmçinin suüstü, xüsusən də dənizin çətin keçilən hissələrində və pis hava şəraitindəki əməliyyatları, təlimləri də artırıb. Məqsəd ABŞ Silahlı Qüvvələrinin Sakit okeandakı hərbi bazalarına zərbə endirməyi öyrənməkdir.

Xatırladaq ki, bundan əvvəl isə Çin KİV-ləri Vaşinqtonun Asiya-Sakit okeanı regionundakı daha aqressiv mövqeyi fonunda Pekinin nüvə arsenalını artıracağını yazmışdılar. Pentaqon hesab edir ki, Pekin 2020-ci ilədək Cənubi Çin dənizindəki mübahisəli ərazilərdə nüvə başlıqları yerləşdirməyə hazırlaşır və ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar bu ehtimalın doğruluğunu sübut edir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: