Kiyevdən ABŞ-a xəyanət – Hərbi yardım dayandırıla bilər
AzVision.az “The Washington Times”a istinadən xəbər verir ki, ABŞ senatının beynəlxalq əlaqələr komitəsinin keçmiş məsləhətçisi Uilyam Triplett Ukraynanın ABŞ-ın rəqibi olan Çinə reaktiv mühərriklər satmasını Amerika dəniz donanmasının kürəyindən zərbə vurulması kimi dəyərləndirib.
Onun fikrincə, bu cür ikili siyasi oyun Ukrayna üçün ciddi nəticələrə səbəb ola bilər. Hətta ABŞ-ın bu ölkəyə hərbi yardımı da dayandırıla bilər: “Öz üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadan Poroşenko bütün iri beynəlxalq oyunçulardan bəhrələnməyə çalışır. Əgər Konqres ABŞ-ın təhlükəsizliyinə məsuliyyətlə yanaşırsa, o zaman Ukraynanın silahlandırılmasına vəsait ayrılmasını ləğv etməli və bu ölkəyə hərbi yardım proqramını dondurmalıdır”.
“International Strategy and Assessment Center”in (Beynəlxalq Strategiya və Qiymətləndirmə Mərkəzi) eksperti Rik Fişer isə bildirib ki, ABŞ rəhbərliyi Çinə müharrik satışını dayandırması üçün Kiyevə ciddi təzyiq göstərməlidir.
Qeyd edək ki, 2016-cı ildə Ukraynanın “Motor Siç” şirkətilə Pekin arasında imzalanan müqaviləyə əsasən, Kiyev Çinin “JL-10” hərbi-təlim təyyarələri üçün 380 milyon dollar dəyərində olan 250 mühərrik verməlidir. Artıq onlardan 20-si təhvil verilib.
Xatırladaq ki, ABŞ-ın 716 milyard dollarlıq 2019-cu il hərbi büdcəsində Ukraynaya müdafiə məqsədilə 250 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulub.
Leyla Elbrusqızı
AzVision.az