Kanada Rumıniyaya 5 qırıcı təyyarə göndərir

Kanada Rumıniyaya 5 qırıcı təyyarə göndərir
  17 Avqust 2018    Oxunub:1076
Kanadanın hərbi hava qüvvələri bu ilin sentyabrından dekabrınadək NATO proqramı çərçivəsində Rumıniyanın hava məkanının mühafizəsi üçün bu ölkəyə 5 ədəd “Hornet” CF-18 qırıcısı və 135-ə yaxın hərbçisini göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, hərbi hava qüvvələrinin bu əməliyyatı NATO-nun Mərkəzi və Şərqi Avropada həyata keçirdiyi proqramın tərkib hissəsidir. Kanadanın qırıcı təyyarələri hava məkanının mühafizəsi işi üzrə Rumıniya hərbi hava qüvvələrinin güclənməsinə və təcrübə toplamasına kömək edəcəklər.

“Müdafiə siyasətimiz sayəsində biz dünyada baş verən proseslərdə Kanadanın da iştirakını sübut etməklə sadiqliyimizi nümayiş etdiririk. Rumıniyanın hava məkanının mühafizəsi üçün dəstək göstərməyimiz NATO-ya dəstəyimizin də nümayiş etdirilməsində vacib töhfədir.” – deyə, Kanadanın müdafiə naziri Hardcit Sacan bəyan edib.

Qeyd edək ki, 2016-cı ilin iyulunda NATO-nun Varşava sammitində Litva, Latviya, Estoniya və Polşada alyansın beynəlxalq hərbi batalyonunun yerləşdirilməsi barədə qərar qəbul olunub. Böyük Britaniya, Almaniya, Kanada və ABŞ həmin batalyonların formalaşdırılmasını öz üzərlərinə götürüblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kanada   Rumıniya   NATO  





Xəbər lenti