“Putinlə görüşümün əsl məqsədi...” – Merkel

“Putinlə görüşümün əsl məqsədi...” – Merkel
  17 Avqust 2018    Oxunub:1090
Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putinin görüşü Berlinlə Moskvanın münasibətlərinin yaxşılaşdırılmasına həsr olunacaq. Çünki Almaniya Rusiya ilə yaxşı əlaqələrə sahib olmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Merkel Berlində keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz Rusiya ilə yaxşı münasibətlər istəyirik. Mənim sabahkı görüşüm də məhz buna həsr olunacaq”, – deyə Merkel vurğulayıb. O, bildirib ki, Putinlə görüşü işçi xarakter daşıyacaq və odur ki, danışıqlardan xüsusi nəticələr gözləmək lazım deyil.

Merkel həmçinin, görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın Türkiyə-Rusiya-Almaniya-Fransa liderlərinin sammitinin keçirilməsilə bağlı təklifini də dəyərləndirəcəklərini və bunun məqsədəuyğun olub-olmadığını müzakirə edəcəklərini açıqlayıb:

“Əvvəlcə məsləhətçilərimizin hazırlıq görüşünün keçirilməsi üzərində işləyəcəyik. Bundan sonra qərar verəcəyik ki, sammitin keçirilməsinə bütövlükdə ehtiyac var, ya yox”.

Kansler əlavə edib ki, bu məsələni artıq Ərdoğanla telefon söhbətində müzakirə edib.

Xatırladaq ki, iyulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 7 sentyabrda İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammitinin keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Suriya böhranı və digər regional problemlər olacaq. Ekspertlər bunun Suriyada siyasi nizamlanma üzrə Astana prosesi iştirakçılarının da yer aldığı yeni format olacağını ehtimal edirlər. Rusiyadakı rəsmi mənbələr artıq Moskvanın sammitə razılıq verdiyini bildiriblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Almaniya  





Xəbər lenti