Putinlə Tramp İranı Suriyadan çıxarmağa hazırlaşır

Putinlə Tramp İranı Suriyadan çıxarmağa hazırlaşır
  17 Avqust 2018    Oxunub:1875
ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin 16 iyulda Helsinkidə keçirdikləri ilk təkbətək görüşdə İran qoşunlarının Suriyadan çıxarılmasına dair razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə iki ölkə liderinin apardığı danışıqların məzmunu ilə tanış olan ABŞ administrasiyasındakı mənbə məlumat verib.

Amerikalı rəsminin sözlərinə görə, Helsinki görüşündə prezidentlər əsasən, Suriyadakı böhranı və İranın bu regional münaqişədəki rolunu müzakirə ediblər.

Mənbə bildirib ki, təkbətək danışıqlarda Trampla Putin İran silahlı qüvvələrinin Suriyadan çıxmalı olduğuna dair prinspcə razılığa gəliblər. Lakin Rusiya prezidenti Trampa deyib ki, İranın Suriyadan və regiondan geri çəkilməsinə nail olmaq çox çətin məsələdir.

Görüşdə həmçinin, İŞİD terror təşkilatına qarşı kampaniya, Colan təpələri ətrafındakı mübahisə və Suriyada humanitar vəziyyət müzakirə edilib. Mənbənin sözlərinə görə, Putinlə qapalı görüşdən dərhal sonra Tramp Ağ Ev aparatının rəhbəri Con Kelli, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton, ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ-ın Rusiyadakı səfiri Con Hantsmənlə 15 dəqiqəlik görüş keçirib və onları məlumatlandırıb. Lakin mənbə onu da vurğulayıb ki, Trampla Putinin Helsinki görüşü konkret razılaşmalar kontekstində çox az bəhrə verib və ciddi nəticələr gözləməyə dəyməz.

Moskva ilə Vaşinqtonun İranla bağlı razılığa gəlməsinə dair yayılan məlumatlara Kremldən də reaksiya gəlib. Maraqlıdır ki, Putinin sözçüsü Dmitri Peksov Helsinki görüşündə ABŞ-ın İranın Suriyadan çıxarılmasında təkid etməsinə şərh verməkdən imtina edib. Peskov bildirib ki, Rusiya rəhbərliyi Finlandiyanın paytaxtında aparılan danışıqlarla bağlı daha əvvəl bütün informasiyanı ictimaiyyətə çatdırıb və əlavə şərhə ehtiyac yoxdur. Qərb mediası bu mənada, Peskovun yayılan məlumatları inkar etməməsinə diqqət çəkir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya   İran  





Xəbər lenti