"Rusiya ilə tarixdə misli görünməmiş layihə hazırlayırıq" - Paşinyan

"Rusiya ilə tarixdə misli görünməmiş layihə hazırlayırıq" - Paşinyan
  18 Avqust 2018    Oxunub:5926
Hakimiyyətə gəlməsinin 100 günü münasibətilə ötən axşam İrəvanda hesabat mitinqi keçirən Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin daxili və xarici siyasətindəki bir sıra məsələlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Onların sırasında son zamanlar gərginləşən Rusiya-Ermənistan münasibətləri də yer alıb.
AzVision.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlıq keçirməsilə bağlı bəyanatına cavab olaraq Paşinyan “Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də, rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə uyğunlaşmalıdırlar” deməsinin bir çoxları tərəfindən səhv qəbul edildiyini bildirib. Paşinyanın sözlərinə görə, söylədikləri əvvəlki hökumətin üzvləri tərəfindən qəsdən başqa istiqamətə yozulub. Lakin baş nazirin fikrincə, sələflərinin bəyanatlarına baxmayaraq, Moskva ilə İrəvanın münasibətləri yaxşı səviyyədədir.

“Məsələ ondadır ki, həm Qərbdəki, həm də Rusiyadakı həmkarlarımız Ermənistandakı vəziyyəti hələ tam qiymətləndirə bilməyiblər. Və bundan çıxış edərək bu gün Ermənistan-Rusiya münasibətlərinin pis olmasından danışmaq sadəcə gülüncdür. Hakimiyyətdə olduğum bu müddət ərzində Rusiya prezidenti Vladimir Putinlə 2 dəfə görüşmüşəm və 3 dəfə telefonla danışmışam. Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan-Rusiya münasibətləri nəinki pis vəziyyətdə deyil, hətta Respublikaçılar partiyası nümayəndələrinin dediklərinin əksinə olaraq yaxşı vəziyyətdədir və gün keçdikcə daha da yaxşılaşacaq”, – deyə erməni baş nazir bildirib.

Paşinyan onu da xatırladıb ki, 3 ay bundan əvvəl Rusiya-Ermənistan əlaqələrinin yeni səviyyəyə qalxacağını bəyan edib. Bu mənada Paşinyan İrəvanla Moskva arasındakı yeni irimiqyaslı layihənin anonsunu verib:

“Bütün müvafiq prosedurlar başa çatdıqdan sonra siz hamınız SSRİ dağıldıqdan sonra Rusiya tarixində və Ermənistanın yeni tarixində misli görünməmiş bir humanitar layihə haqqında məlumat alacaqsınız. Bu, münasibətlərimizi yeni səviyyəyə qaldırmağımızın konkret sübutu olacaq. Ermənistan-Rusiya strateji əlaqələri daha da dərinləşəcək və inkişaf edəcək”.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti