Körpü faciəsində ölənlər dəfn olunur - VİDEO

Körpü faciəsində ölənlər dəfn olunur - VİDEO
  18 Avqust 2018    Oxunub:1356
İtaliya hökuməti ölkənin şimalındakı Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində ölən insanların dəfn mərasimini keçirir.
AzVision.az “ANSA” agentliyinə istinadən xəbər verir ki, mərhumlarla vida mərasiminin keçiriləcəyi məkan olaraq Liguriya əyaləti kilsə mərkəzinin Lavrentiya müqəddəs məbədi seçilib. Mərhumların yaxınları ilə yanaşı, İtaliya rəhbərliyi də vida mərasimində iştirak edirlər. Roma-katolik kilsəsini isə Genuya arxiyepiskopu, kardinal Ancelo Banyasko təmsil edir. Körpü faciəsi qurbanlarının xatirəsinə bu gün bütün İtaliya ərazisində milli matəm elan olunub.



Xatırladaq ki, avqustun 14-də səhər saatlarında Genuya şəhərindəki avtomobil körpüsünün 200 metrlik hissəsi yüz metr hündürlükdən aşaraq onun altında yerləşən yaşayış evlərinin və dəmiryolunun üzərinə çöküb. İnsident zamanı körpünün üzərində 30-dan çox avtomobil və 3 yük maşını olub. Faciə nəticəsində 41 nəfər ölüb, 10-dan çox insan yaralanıb, bir çoxları isə itkin düşüb. Genuya şəhərinin prokuroru Françesko Kotsi bildirib ki, avtomobil körpüsünün uçması insan səhvindən baş verib.

İtaliyanın baş naziri Cüzeppe Konti isə faciənin bütün məsuliyyətini ölkənin avtomobil yollarının idarəsi ilə məşğul olan “Autostrade per l'Italia” şirkətinin üzərinə qoyub. O bildirib ki, hökumətlə bağladığı sazişə müvafiq olaraq körpünün tikilməsinə həmin şirkət cavabdeh olub. Baş verən insidentlə əlaqədar Konti artıq bu kompaniya ilə müqavilənin dayandırılması və ona qarşı 150 milyon avro məbləğində sanksiyanın tətbiqi barədə göstəriş verdiyini deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İtaliya   Genuya  





Xəbər lenti