Koçaryan İrəvandan Xankəndinə gedə bilər

Koçaryan İrəvandan Xankəndinə gedə bilər
  21 Avqust 2018    Oxunub:2122
Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı heç bir məhdudiyyət tədbirləri görülməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti məlumat yayıb. Bildirilib ki, sabiq prezident faktiki olaraq öz hərəkətlərində azaddır.

Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan isə bununla bağlı açıqlama verərək bildirib ki, əgər Koçaryan ölkəni tərk etməyə çalışsa, bu, istintaqın aparılmasına mane olmaq, məhkəmə iclasını aparan qurumdan gizlənmək cəhdi kimi qiymətləndiriləcək və həbs qətiimkan tədbirindən istifadə ediləcək.

Qəzet eks-prezidentin ofisi ilə əlaqə saxlayaraq, onun ölkəni tərk etmək niyyətində olub-olmadığını öyrənməyə çalışıb.

"Xeyr, Koçaryan bu barədə mənə heç nə deməyib. Mənim məlumatım yoxdur” , - deyə Viktor Soğomonyan suala cavab verib.

Keçmiş prezidentin vəkili Norayr Norikyan isə bəyan edib ki, Koçaryan öz hərəkətlərində azaddır və İrəvanı tərk edərək Xankəndinə getdiyi kimi Londona da gedə bilər.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamla əlaqədar sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Koçaryanla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Koçaryan   Xankəndi  





Xəbər lenti