Salvador Çinlə diplomatik əlaqələr qurdu

Salvador Çinlə diplomatik əlaqələr qurdu
  21 Avqust 2018    Oxunub:2426
Bu gün Çinlə Mərkəzi Amerikada yerləşən Salvador Respublikası arasında rəsmi diplomatik münasibətlər qurulub.
AzVision.az “TASS”a istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Van Yi və onun salvadorlu həmkarı Karlos Kastaneda Dyaoyutaydakı dövlət iqamətgahında ölkələr arasında diplomatik əlaqələrin qurulmasına dair saziş imzalayıblar.

Çinlə diplomatik münasibətlərin qurulmasından əvvəl Salvador prezidenti Sançes Seren Tayvanla diplomatik əlaqələrin kəsildiyini elan edib. Prezidentin sözlərinə görə, ölkə rəhbərliyi milli maraqları nəzərə alaraq və Salvadordakı müxtəlif sahələrin nümayəndələrilə məsləhətləşmələr apardıqdan sonra xarici və daxili siyasi vəziyyəti dəqiq təhlil edərək bu cür addım atıblar.

Tayvanın XİN rəhbəri Cozef Yu isə diplomatik əlaqələrin kəsilməsini Salvador hökumətinn qəfildən Tayvandan astronomik məbləğdə maliyyə yardımı istəməsi və bunu əldə edə bilməməsilə əlaqələndirib. Bununla da, Tayvanın suverenliyini tanıyan dövlətlərin sayı 17-yə enib.

Qeyd edək ki, Salvadorun bu addımı son zamanlar Çinin Tayvanın diplomatik təcridini gücləndirməsi fonunda baş verib. Belə ki, İkinci Dünya Müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Tsedunun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Komintana qalib gəlib və Çin Xalq Respublikasını elan ediblər. Məğlub olan Çan Kayşi partiyası Tayvanda yeni hökümət qurub. Bundan sonra tərəflər arasında əlaqələr kəsilib və yalnız 1980-cı illərdə qeyri-formal işçi münasibətlər, 1990-cı illərdə isə QHT-lər səviyyəsində Tayvanla Pekin arasında əlaqələr bərpa olunub. Tayvan Çindən ayrıldığını elan etsə də, Pekin onu həmişə öz ərazisi hesab edib və bunu sübut etmək üçün güc tətbiqinə hazır olduğunu bəyan edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Çin   Salvador   Tayvan  





Xəbər lenti