Qarabağa qanunsuz gedən deputat Merkeli Bakıda müşayiət edə bilməyəcək

Qarabağa qanunsuz gedən deputat Merkeli Bakıda müşayiət edə bilməyəcək
  21 Avqust 2018    Oxunub:3937
Rəsmi Bakı Almaniya kansleri Angela Merkelin “Xristian-Demokratlar İttifaqı” partiyasının deputatı olan Albert Vayleri "qara siyahı"ya salaraq onun Azərbaycana girişinə qadağa qoyub və almaniyalı deputata viza verilməsindən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” agentliyi “Bild” qəzetinə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə qrupunun sədr müavini olan deputat Vayler, regiona səfəri çərçivəsində 25 avqustda Azərbaycana gələcək Almaniya kansleri Angela Merkeli müşayiət etməli idi. Lakin almaniyalı deputat Azərbaycanda persona non-qrata (arzuolunmaz şəxs) elan olunduğundan ona viza verilməyib.

Vaylerin Azərbaycana girişinə qadağa barədə qərar yüksək rəhbərlik səviyyəsində qəbul olunduğundan, hətta viza məsələsinin həlli üçün səfirliklə aparılan danışıqlar da nəticəsiz qalıb.



Qeyd edək ki, Albert Vayler 2014-cü ilin 4 avqustu və 2015-cı illin 3 mayında Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçı rejimin keçirdiyi saxta parlament seçkilərində müşahidəçi qismində iştirak edib. Bu səbəbdən də, Azərbaycana girişi qadağan olunaraq adı XİN-in "Arzuolunmaz şəxslər siyahısı"na salınıb.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Azərbaycan  





Xəbər lenti