Paşinyan Sarkisyandan kömək istəyəcək - Buna məcburdur

Paşinyan Sarkisyandan kömək istəyəcək - Buna məcburdur
  21 Avqust 2018    Oxunub:3540
Vəzifəsində qalmaq üçün konstitusiyaya dəyişiklik etmək istəyən Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olan Respublikaçılar partiyasına kömək üçün müraciət etməyə məcbur olacaq.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“Məsələ ondadır ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi prosesini ehtiva edən konstitusiyanın 92 və 151-ci maddələrinin dəyişdirilməsi parlamentin özü tərəfindən də həyata keçirilə bilər. Amma bunun üçün ən azı deputatların 2/3-si, yəni 70 nəfər lehinə səs verməlidir. İndi parlamentdəki 105 yerdən 50-si Respublikaçılar partiyasına məxsusdur. Baxmayaraq ki, 8 deputat Respublikaçıların sırasını tərk edib, onları birmənalı şəkildə Paşinyan komandasının üzvləri hesab etmək olmaz. Odur ki, Paşinyanı çətin sınaq gözləyir. Çünki əksər qanunvericiləri öz tərəfinə çəkməlidir”, – deyə qəzet yazıb.

Məlumatda vurğulanıb ki, Paşinyanın siyasi gələcəyi məhz edəcəyi çevik və ağıllı addımlardan, Serj Sarkisyan blokunun üzvlərini öz adamları edə bilməyindən asılıdır. Çünki onun baş nazir postunda möhkəmlənməyinin qarantı həm də parlamentdə daha çox tərəfdarlara malik olmasıdır.

Həmçinin xəbərdarlıq edilir ki, Paşinyan bu məsələdə bir qədər cəld tərpənməlidir. Çünki böyük siyasətə atılan sabiq prezident Robert Koçaryanın əhali arasında olmasa da, siyasi meydanda kifayət qədər “pərəstişkarları” var.

Qeyd edək ki, bundan əvvəlki çıxışında Paşinyan deputatları onun arxasından gizli iş çevirərək yeni baş nazir seçməyə hazırlaşmaqda ittiham edib. Bu səbəbdən də o, yeni konstitusiya dəyişikliyi təklif edib. Paşinyanın fikrincə, parlamentə növbədənkənar seçkilər təkcə baş nazir istefa verəndə yox, qanunverici orqan özünü buraxmaq barədə qərar qəbul edəndə də keçirilməlidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Paşinyan  





Xəbər lenti