Azan səsindən şikayətlənən qadın həbs edilib

Azan səsindən şikayətlənən qadın həbs edilib
  21 Avqust 2018    Oxunub:3563
İndoneziyada islam dininə küfr edən qadın kafirliyə görə həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.

Qeyd olunur ki, etnik mənşəcə çinli olan 44 yaşlı Meiliana yaşadığı ərazidə yerləşən məcdiddə namaz zamanı səs-küyün çox olması və azan səsinin yüksəkliyindən şikayət etdiyinə görə həbs olunub. Məhkəmə onun barəsində cəza olaraq 18 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb.

İş üzrə prokuror vurğulayıb ki, çinli qadın islama küfr etməklə İndoneziyanın Cinayət Məcəlləsini pozub. Meiliananın vəkili isə bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər. Lakin İndoneziyanın konservativ İslam Cəmiyyəti Forumu bəyan edib ki, qadına verilən cəza çox yüngüldür və sərtləşdirilməlidir.

Qeyd edək ki, İndoneziya dünyada əhalisinin sayına görə ən çox müsəlmanın olduğu islam ölkəsidir. İndoneziya konstitusiyasında vətəndaşların söz və vicdan azadlığı təmin edilsə də, Cinayət Məcəlləsində islamı təhqir etmək və dinə küfr etməyə görə cəzalar nəzərdə tutulub. Kafirliyə görə maksimum cəza isə 2 il müddətinə azadlıqdan məhrumetmədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İndoneziya   İslam  





Xəbər lenti