8 illik əzab bitdi - Yunanıstan maliyyə azadlığına qovuşdu

  21 Avqust 2018    Oxunub : 2691
8 illik əzab bitdi - Yunanıstan maliyyə azadlığına qovuşdu
“Ölkəmiz xarici rəsmilər tərəfindən daha çox təzyiq və şantaja məruz qalmadan, xalqımız daha çox qurbanlar vermədən normal bir Avropa dövləti kimi öz taleyini və gələcəyini özü təyin etmək haqqını yenidən qazanıb”
AzVision.az xəbər verir ki, bunu Yunanıstanın İtaka adasında ölkənin 8 ildir xarici kreditorlara boyun əyməsinin rəsmən sona çatması və Yunanıstanın yenidən maliyyə azadlığına qovuşduğunu elan baş nazir Aleksis Tsipras deyib.

2010-cu ildən bu günədək kəmər sıxma şərtləri əvəzində Yunanıstanın maliyyə böhranından çıxması üçün beynəlxalq maliyyə qurumlarının Afina üçün 8 illik xilasetmə proqramını Homerin “Odissey” poemasına bənzədən Tsipras məhz bu səbəbdən simvolik olaraq İtakada çıxış etməyi seçdiyini deyib.

“İtakaya dönüş başladı. Bu illər ərzində milli gəlirimizin 25 faizini, hər 10 gəncdən 6-sı işsiz qaldı, 65 milyard avroluq kəmər sıxma tədbirləri həyata keçirdik. Lakin bütün bunlar artıq geridə qaldı. Yunanıstan öz maliyyə azadlığına qovuşdu. Biz demirik ki, maliyyə böhranından çıxdığımız üçün bütün problemlər həllini tapıb. Buna rəğmən biz bu tarixi günü qeyd edəcəyik. Keçmişdə buraxdığımız səhvləri unutmadan yeni bir dövrə başlayacağıq. Dayanmayacağıq, qarşıda bizi yeni mübarizələr gözləyir”, – deyə Yunanıstanın baş naziri vurğulayıb.

Tsipras bildirib ki, Yunanıstanda maliyyə böhranına və xilasetmə proqramına qoşulmaq məcburiyyətinə nəyin və kimlərin səbəb olduğunu unutmayacaqlar.

Avropa İttifaqı Komisiyasının prezidenti Jan-Klod Yunker də 8 illik xilasetmə proqramını 20 avqustda rəsmən başa vuran Yunanıstan xalqını və rəhbərliyini təbrik edib.

Qeyd edək ki, 2008-ci ilin qlobal maliyyə böhranından sonra çox yüksək büdcə kəsiri və dövlət borcu səbəbindən Yunanıstan dövləti demək olar ki, bankrot olmuşdu. Ölkəni düşdüyü maliyyə böhranından qurtarmaq üçün kəmər sıxma və sərt islahatlar qarşılığında Avropa Sabitlik Mexanizmi 2010, 2012 və 2015-ci illərdə Yunanıstana üç xilasetmə proqramı çərçivəsində ümumilikdə 289 milyard avroluq kredit yardımı ayırıb. Bu, qlobal maliyyə tarixinin ən irihəcmli xilasetmə paketi olub.

Yunanıstanı böhrandan xilasetmə proqramı 20 avqustda başa çatsa da, proqram bitəndən sonra ölkənin öz ayaqları üzərində dura bilməsi üçün Avropa Sabitlik Mexanizmi Afinaya sonuncu kredit yardımı – 15 milyard avro da verəcək. Həmçinin, Avropa İttifaqı Yunanıstanın aldığı borcları ödəməsinin asanlaşdırılması üçün kredit müddətini daha 10 ilə uzatmaq barədə razılığa gəlib.

Xatırladaq ki, Avropa İttifaqı Yunanıstana kreditləri 30 ildən çox müddətə verib. Onun 130 milyarddan çoxunu Afina hələ də geri qaytarmayıb. Lakin indiyədək ayrılan kömək sayəsində Afina 315 milyard avroluq dövlət borcunun az bir qismini ödəyə bilib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Yunanıstan   Avropa