Jurnalistlərin ev problemi niyə gecikir? - MEDİADAN CAVAB

Jurnalistlərin ev problemi  niyə gecikir? - MEDİADAN CAVAB
  22 Oktyabr 2013    Oxunub:1196
İyulun 22-də jurnalistlərə paylanılan evlər hələ də sahiblərinə təhvil verilməyib.
Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Bibiheybətdə jurnalistlər üçün tikilən binanın media əhlinə təhvil verilməsi gecikir. İyulun 22-də paylanılan mənzillər aylar keçsə də hələ də sahiblərinə təhvil verilməyib. Uzun illərdir kirayədə yaşayan jurnalistlərin artıq səbri tükənir, evlərinə köçəcəkləri günü gözləməkdən belə deyək ki, gözlərinin kökü saralır.

AzVision.az mənzil sahiblərindən bu gecikmənin səbəbləri haqda soruşub.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xəqani Səfəroğlunın sözlərinə görə, binanın sənədləşmə işləri ləngiyir: “ Vüqar Səfərli deyib ki, yeni ilə qədər hazır olacaq. Başqa bir gecikmə səbəbi isə təxmin edə bilmirəm”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu bildirib ki, bu haqda məlumatı mətbuatdan oxuyur: “Sonuncu dəfə KİVDF-nin prezidenti Vüqar Səfərli mətbuata açıqlamasında sənədləşmə işlərinin son mərhələdə olduğunu deyib. Və mənzillərin ilin sonuna qədər təhvil veriləcəyini bildirib. Bizdən şəxsiyyət vəsiqələrinin surətlərini aldılar. Ümid edirəm ki, bundan sonra çox uzun zaman ləngimə olmaz”-deyə, həmkarımız qeyd edib.

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı: “Bu barədə KİVDF rəhbərliyi açıqlamalar verib və mən də bu açıqlamalarla qane oluram. Ümid edirəm ki, yeni ilə qədər mənzilimizə köçə biləcəyik. Başqa bir şey deyə bilmərəm”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal evlərin hələ də verilməsinin səbəbini yalnız əlaqədar qurumların verdiyi açıqlamalardakı əsaslandırmalarla bağladığını bildirib: “Başqa bir səbəb eşitməmişəm. Bildirirlər ki, hazırda sənədləşmə işləri gedir və yeni ilə qədər jurnalistlər evlərinə köçə biləcəklər. Bununla yanaşı, ev alan jurnalistlər hər gün evlərinə baş çəkə, evlərində təmir işləri gördürə, əşyalarını yığa bilərlər. Ümid edirəm ki, qısa zamanda bürokratik mərhələlər aşılacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu gecikmənin səbəbini dəqiq bilmədiyini qeyd edib: “Vallah, dəqiqi bilmirəm. Amma eşitdiyim odur ki, sənədləşmə gedir, ona görə gecikir. Mən buna daha çox inanıram. İnaşallah, belə olar. Çünki məntiqlə ayrı heç bir problrem yoxdur axı”.

“525-ci Qəzet”in redaktoru Aydın Bağırov bu gecikməni normal hal hesab edir: “Sənədləsdirmənin yubanmasında təəccüblü bir şey yoxdur. Nəyə görə gecikməsi haqda isə KİVDF rəhbərliyi açıqlama verib”

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti