`Cəlaloğlunun cəsarəti nə Qəmbərdə, nə də Kərimlidə var`

`Cəlaloğlunun cəsarəti nə Qəmbərdə, nə də Kərimlidə var`
  22 Oktyabr 2013    Oxunub:1064
`Prezident seçkilərindən sonra radikal müxalifətin namizədi Cəmil Həsənlinin Avropaya səfəri texniki xarakter daşıyırdı. Bunun heç bir təsiri ola bilməz. Ümumiyyətlə, 9 namizədin hər biri istənilən xarici ölkəyə səfər edə bilər. Artıq seçki bitib və bunun heç bir mənası yoxdur`. Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
- Sizcə Milli Şuranın nəzərdə tutduğu aksiyalarnəyə xidmət edir?
- Milli Şura seçkidən dərhal sonra mitinq keçirdi. Nə dəyişdi ki? Mitinqə çox az sayda insanın gəlməsinin acısını yaşayan Əli Kərimli gəncləri provakasiyaya sürüklədi. İstədi ki, mitinqdən sonra qanunsuz hərəkətlər etməklə kimlərsə həbsə atılsın və o da bütün dünyaya bəyan etsin ki, “İlham Əliyev həbs üzərində hakmiyyətə gəlir”. Əsas bu idi. Bunu da edə bilmədilər. Xirda xuliqanlıq hərəkətlərinə görə bir neçə nəfərə 5-10 sutka həbs verildi. Belə vəziyyətdə Cəmil Həsənli bəyanat verdi ki, 19 oktyabr mitinqinə icazə verilməsə Fəvvarələr bağında icazəsiz aksiya keçirəcəklər. Cəmil Həsənlinin belə bir bəyanat verməsinin səbəbkarı Əli Kərimlidir. Bu gün Cəmil Həsənlini Əli Kərimli idarə edir. Onun bütün tapşırıqlarını dərhal yerinə yetirir. Cəmil Həsənli Əli Kərimlinin təsiri altındadır. Düşünürəm ki, bunların bütün mitinqlərinə yenə də icazə verilməlidir. Onsuz da bunlar nə qədər mitinq edirlərsə, bir o qədər biabır olurlar. Mitinqə partiya fəalları və onların yaxın qohumlarından başqa heç kim gəlmir. 10–dan artıq partıyanı və hərakatı, QHT-ləri, müstəqil təşkilatı özündə birləşdirən bir qurum mitinqə 10 000 insan belə çıxara bilmir.

- Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçkidə məğlubiyyətini etiraf edərək partiya sədrliyindən istefa verdi. Düzdür, istefa qəbul edilməsə də, bu bir siyasi mədəniyyət nümunəsi sayıla bilərdi. Sizə elə gəlmirmi ki, 20 ildən artıq müxalifətçiliklə məşğul olan digər siyasilər də siyasi mədəniyyət nümayiş etdirib istefaya getməli, onların yerini gənc nəsil tutmalıdır?

- İndki məqamda Sərdar Cəlaloğlunun cəsarəti nə İsa Qəmbərdə, nə də Əli Kərimlidə var. Onlar heç vaxt belə cəsarət nümayiş etdirə bilməzlər. 22 ildir ki, siyasi fəaliyyətlə məşğul olub, son parlamet seçkilərində belə 1 yer qazana bilməyəsən, namizədin prezident seçkilərində 5 faizdən artıq səs toplaya bilməsin, sən də yenidən ətrafında olan insanlara “uğurumuz qabaqdadır” deyəsən, bunun adı siyasi riyakarlıqdır! Bütün seçkilərdən sonra olduğu kimi bundan sonra İsa Qəmbər və Əli Kərimlinin ətrafından xeyli sayda insan istefa verəcək. Bu adamlar başa düşməlidir ki, onları bu şəxslərlə heç bir uğur gözləmir.

- Prezident seçkilərindən əvvəl Milli Şuranın dağılacağı və tamamilə sıradan çıxacağı söylənilsə də, hələlik proqnozlar özünü doğrultmur. Sizə elə gəlmirmi ki, hələ də müəyyən xarici dairələr Milli Şuranın varlığında maraqlıdırlar?
- “Milli Şura”nı Rusiya yaratmışdı. Bu, birmənalı belədir. Rüstəm İbrahimbəyovun Moskvadan Bakıya gəlməməsi və son 2 ayda yoxa çıxması da buna sübutdur. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıdan qayıtdıqdan sonra Rüstəm İbrahimbəyova göstəriş verdilər ki, get, kinonu çək və bütün proseslərdən çəkil. Rüstəm İbrahimbəyov da Eldar Namazovu götürüb geri çəkildi. Eldar Namazov çox partiya sədrini əmin etmişdi ki, hakmiyyətə gəlirlər. Onun da bu yönümdə xidmətləri çox oldu. Bu qurumdan indiyə kimi bir neçə aparıcı şəxs istefa verib. Əli Kərimlinin müavini və “Milli Şura”nın mitinq komitəsinin sədri Asəf Quliyev, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, onun müavinləri və s. Tezliklə bu qurum tamamilə özünü buraxacaq. Artıq xarici qüvvələrə də bu qurum lazım deyil.

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bundan sonrakı əsas prioriteti nə olacaq? Partiya bələdiyyə və parlament seçkilərinə hazırlaşmağa qısa zamanda start verəcəkmi?
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Qüdrət Həsəquliyev bu seçkidə 10 namizəd arasında 4-cü yerə çıxıb. 80 000-ə yaxın səs əldə edib. Düzdür, bunu böyük uğur hesab etmirik və BAXCP seçkidə məğlub olub. Ancaq biz bir partiya olaraq bu seçkidə partiyamızın əsas prinsiplərini Azərbaycan xalqına çatdıra bilmişik. Bizim liderin əsas seçki şüarı parlamentli respublika idi. Biz ölkədə prezident üsul idarəsindən parlament üsul idarəsinə keçmənin tərəfdarıyıq . Bu şüarımızı xalqa çatdırdıq. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bütün seçkilərdə iştirak edir. Partyanın əsas prioriteti də budur. Bundan sonra BAXCP bələdiyyə və parlament seçkilərinə hazırlaşacaq. Ümid edirik ki, BAXCP həm bələdiyyə, həm də parlament seçkilərində böyük uğur əldə edəcək. Milli Şuranın namizədi 10 partiya ilə birlikdə 204 000 səs topladığı halda BAXCP tək başına 75 000 səs toplayıb . Milli Şuranın namizədi Cəmil Həsənlinin səsini 10 partiya arasında bölsəniz, görərsiniz ki, BAXCP həmin partıyalardan 3 dəfədən artıq səs toplayıb.


Teqlər:





Xəbər lenti