İrəvanın Qarabağ qorxusu: KTMT-də Azərbaycana “yaşıl işıq” yandırılıb

İrəvanın Qarabağ qorxusu: KTMT-də Azərbaycana “yaşıl işıq” yandırılıb
  24 Avqust 2018    Oxunub:5901
Ermənistanın nüfuzlu “Qraparak” qəzeti sensasion sayılacaq analitik məqalə dərc edərək, İrəvana ciddi xəbərdarlıq edib. Xəbərdarlıq rəsmi Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ola bilmə ehtimalının Ermənistan üçün hərtərəfli, xüsusən də Dağlıq Qarabağ məsələsində ağır nəticələrə gətirib çıxaracağı ilə bağlıdır.
AzVision.az xəbər verir ki, “Qraparak” bu yaxınlarda KTMT-də təşkilatın sıralarının genişlənməsi və yeni üzvlərin qəbulu məsələsinin müzakirə olunduğunu yazıb. Hətta konkret olaraq, digər ölkələrin müşahidəçi statusu ilə bağlı sənədlər paketi və təkliflər təqdim edilib.

Bu mənada qəzetin yazdığına görə, yaxın zamanlarda Azərbaycanın KTMT-yə daxil olması məsələsi ilə bağlı ciddi müzakirələr keçiriləcək. Lakin bu, Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təklükəlidir və İrəvan üçün yaxşı heç nə vəd etmir.



Qeyd olunur ki, KTMT-nin baş katibi Yuri Xaçaturovun ətrafında baş verən proseslər də bir növ Azərbaycana "yaşıl işıq" yandırıb. Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyan hökumətinin hərəkətləri səbəbindən İrəvanın təşkilatda Xaçaturov kimi adamını itirməsi heç də Ermənistanın xeyrinə deyil. Çünki ən azı Xaçaturov bu prosesi gecikdirə bilərdi.

“Əlimizdə olan məlumatlara əsasən, KTMT-nin baş katibi Yuri Xaçaturov bu məsələdə müəyyən rol oynayaraq prosesin qarşısını ala bilərdi. Lakin bir tərəfdən, Xaçaturovun KTMT-dəki mövqeyi Ermənistanda ona qarşı açılan cinayət işini zəiflətsə də, digər tərəfdən onda artıq çemodan əhval-ruhiyyəsi formalaşdırıb və bu məsələdə xüsusi səylər göstərmək niyyəti yoxdur. Odur ki, KTMT-yə daxil olması üçün Azərbaycana "yaşıl işıq" yandırılıb”, – deyə “Qraparak” yazıb.



Qeyd edilir ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Rusiya   KTMT   DağlıqQarabağ  





Xəbər lenti