Avropa İttifaqına hədə: "20 milyard verməyəcəyik"

Avropa İttifaqına hədə: "20 milyard verməyəcəyik"
  24 Avqust 2018    Oxunub:2634
"Əgər İtaliyanın sahil mühafizə gəmisi “Diciotti” ətrafında yaranan vəziyyətlə bağlı Brüssel konkret qərar qəbul etməsə, İtaliya Avropa İttifaqı büdcəsinə ödənişləri dayandıracaq"
AzVision.az xəbər verir ki, İtaliya parlamentində yerlərin əksəriyyətinə sahib olan “5 Ulduz Hərəkatı” partiyasının lideri, ölkənin baş nazir müavini Luici Di Mayo bu cür təhdidlə çıxış edib. O, Avropa İttifaqını miqrantların qəbulu ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb.

“Əgər Avropa İttifaqı Komissiyasının sabahkı iclasında “Diciotti” gəmisindəki miqrantların bölüşdürülməsilə bağlı heç bir qərar qəbul edilməzsə, “5 Ulduz Hərəkatı” və mən hər il Avropa İttifaqına 20 milyard avro verməyəcəyik. “5 Ulduz” və “Şimal Liqası”nın formalaşdırdığı koalisiya hökuməti gələn il Aİ büdcəsinin maliyyələşdirilməsinin dayandırılmasına səs verəcəyik”, – deyə Di Mayo xəbərdarlıq edib.

Qeyd edək ki, 15 avqustda “Diciotti” sahil mühafizə gəmisi Maltanın Aralıq dənizindəki ərazi sularında çətin vəziyyətdə qalan 177 miqrantı göyərtəyə qəbul edib. Daha sonra İtaliya hakimiyyəti Malta hökumətindən həmin miqrantların ona məxsus adalardan birinə çatdırılması üçün icazə istəyib. Lakin Malta rədd cavabı verib. Bundan sonra miqrantların olduğu “Diciotti” gəmisi 5 sutka ərzində İtaliyanın Lampeduza adası zonasında qalaraq, rəsmi Romanın qərarını gözləyib və yalnız 20 avqust axşamı miqrantları Siciliya adasına aparıb. Amma İtaliya daxili işlər naziri, baş nazirin müavini Matteo Salvini miqrantların sahilə çıxarılmasına icazə verməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İtaliya   Avropa   Miqrant  





Xəbər lenti