Moskva təsdiqlədi - ABŞ Suriyanı vurmağa hazırlaşır

Moskva təsdiqlədi - ABŞ Suriyanı vurmağa hazırlaşır
  25 Avqust 2018    Oxunub:3552
Suriyaya zərbə endirmək üçün Vaşinqton bir neçə gün əvvəl Fars körfəzinə göyərtəsində 56 ədəd qanadlı raketlər yerləşdirilən Amerikanın “The Sullivans” esminesi, Qətərdəki “Əl-Udeyd” aviabazasına isə 24 ədəd AGM-158 JASSM “hava-hava” tipli qanadlı raketlərlə silahlanmış “B-1B” staretji bombardmançıları göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov bəyan edib. Bildirib ki, ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbə endirməsi üçün bəhanə Dəməşqin kimyəvi silahdan istifadə etməsilə bağlı ortaya atılan təxribat olacaq.

Konaşenkovun fikrincə, ABŞ rəsmilərinin Bəşər Əsəd hökuməti kimyəvi silah tətbiq edərsə, ən qəti şəkildə cavab verərək Suriyaya hücum həyata keçirəcəkləri barədə bəyanatları əsassızdır.

“Bununla da, Qərb dövlətlərinin ictimai bəyanatlarına zidd olan hərəkətləri Yaxın Şərq ölkəsində vəziyyətin kəskinləşməsinə və Suriya ərazisində sülh prosesinin pozulmasına istiqamətlənib”, - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Konaşenkov vurğulayıb ki, Suriyada kimyəvi silah təxribatına “Həyat Təhrir Əş-Şam” (“Cəbhət Ən-Nüsrə”) terror qruplaşması və “Bəyaz Dəbilqəlilər” hazırlaşırlar. Onlar kimyəvi hücumu Əsəd hökumətinin üzərinə atmaq üçün Cisr Əş-Şuhur şəhərinə xlor konteynerləri gətirərək daha sonra onları Hallyuz kəndinə aparıblar. “Bəyaz Dəbilqəlilər”in Britaniyanın “Oliva” xüsusi hərbi şirkətinin mütəxəssisləri tərəfindən təlim keçən silahlıları isə kimyəvi silahdan zərər çəkənlərin xilas olunmasını imitasiya edəcəklər.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə əgər Bəşər Əsəd hökuməti Suriyada kimyəvi silah tətbiq edərsə, Vaşinqtonun yenidən Suriyaya zərbə endirəcəyi ilə bağlı Moskvaya xəbərdarlıq edib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: ABŞ   Suriya   Rusiya  





Xəbər lenti