Merkel Bakıya gəlməkdən niyə imtina etmədi? - Almaniya rəsmisi açıqladı

Merkel Bakıya gəlməkdən niyə imtina etmədi? - Almaniya rəsmisi açıqladı
  25 Avqust 2018    Oxunub:8152
2014 və 2015-ci illərdə iki dəfə Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçıların saxta seçkilərində müşahidəçi kimi iştirak etdiyinə görə Almaniya parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə qrupunun sədr müavini, “Xristian-Demokratlar İttifaqı” partiyasından olan deputat Albert Vaylerin adının XİN-in "Arzuolunmaz şəxslər siyahısı"na salınaraq Azərbaycana girişinin qadağan olunması Almaniya və işğalçı ölkə mətbuatında xeyli küyə səbəb olub.
Səbəb isə Cənubi Qafqaz regionuna səfər edən Almaniya kansleri Angela Merkelin nümayəndə heyətinin təkibinə əvvəlcədən onun da salınmasıdır. Lakin Azərbaycana girişi qadağan olunduğundan Merkeli səfərdə müşayiət edə bilməyib. Viza məsələsinin həlli üçün hətta səfirliklə aparılan danışıqlar da nəticəsiz qalıb.

“Alman dalğası” teleradio şirkətinin saytında yerləşdirilən məqalədə Almaniya federal hökumətinin mətbuat və informasiya departamentinin rəhbəri, jurnalist Zaybert Şteffenin ciddi müzakirələrə səbəb olan bu məsələ ilə bağlı şərhi yer alıb. Onun sözlərinə görə, rəsmi Bakının alman deputatın səfərdə iştirak etməsinə icazə vermədiyinə görə hətta Almaniya hökumətində Merkelə Azərbaycana səfərindən imtina edərək görüşü təxirə salmağı da təklif ediblər. Lakin Azərbaycanla münasibətlərin əhəmiyyəti bu məsələdə önə keçib.



“Olduqca maraqlı işdir: Angela Merkel Azərbaycanın planetin dördüncü ən böyük iqtisadi gücü olan Almaniyanın liderinə - ona, alman parlamentinin deputatlarından birinin, həm də öz “Xristian-Demokratlar İttifaqı” partiyasının üzvünün onunla birlikdə Bakıya gəlişinə qadağa qoymasına səbirlə yanaşdı və təkliflərin əksinə olaraq, Azərbaycan paytaxtına səfərini təxirə salmadı. Çünki bütün mürəkkəb halları nəzərə alaraq nəticə çıxardı ki, Azərbaycana səfərin bir əhəmiyyəti var və vacibdir. Üçgünlük səfəri çərçivəsində Merkelin məhz Bakıda aparacağı danışıqlar ən əsas və mürəkkəb olacaq. Danışıqların başlıca mövzusu enerji daşıyıcıları, xüsusən də Rusiya qazının Azərbaycanla əvəzlənməsi və bununla da Avropanın Moskvadan asılılığının azaldılmasıdır.” – deyə, Zaybert Şteffen bildirib.

Azərbaycanla münasibətlərin önəmini regiona səfər edən Merkel özü də vurğulayıb. Bununla da alman deputat ətrafında spekulyasiya edilən söz-söhbətə son qoyub.

“Qərara gəldik ki, Vaylerin işini başqa deputat yerinə yetirəcək. Bu danışıqların bizim üçün vacib olduğu üçün belə qərar verdik. Yalnız danışıqlar yolu ilə kəskin məsələləri həll edə bilərik.” – deyə, Merkel ötən gün İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında məsələ ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Almaniya  





Xəbər lenti