Merkelin Bakı səfərinin Trampla əlaqəsi - Amerikalı politoloq şərh edir

Merkelin Bakı səfərinin Trampla əlaqəsi - Amerikalı politoloq şərh edir
  25 Avqust 2018    Oxunub:4293
ABŞ Avropa ölkələrinə nifrətlə yanaşır, çünki Vaşinqton düşünür ki, onlar elə məhz bu cür yanaşmaya layiqdirlər. Amerikanın Avropa ilə bu cür davranışına səbəb isə təkcə İranla nüvə sazişində onunla eyni mövqedən çıxış etməməsi yox, həm də enerji daşıyıcılarının diversifikasiyası məsələsində Vaşinqtonun istəyini nəzərə almamaları və Moskva ilə əməkdaşlığı davam etdirmələridir.
AzVision.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyinə müsahibəsində Vaşinqton-Tehran münasibətlərindən, İrana qarşı neft sanksiyaları və Avropanın bu məsələdə rolu barədə danışan amerikalı sabiq diplomat, ABŞ Senatının xarici siyasət məsələləri üzrə keçmiş məsləhətçisi, hazırda Ukraynadakı Amerika İnstitutunun direktor müavini Ceyms Corc Catras deyib. Onun fikrincə, xüsusən də Rusiya ilə birgə “Şimal axını-2” qaz boru kəməri layihəsini həyata keçirən Almaniyanın davranışları ABŞ-ı qəzəbləndirir.

Catrasa görə, almanlar Rusiya ilə birgə həyata keçirdiyi enerji layihələrindən imtina etməyəcəyini bəyan etməklə ABŞ prezidenti Donald Trampın xəbərdarlıqları qarşısında cəsarətli görünməyə, bir qayda olaraq yenə də özlərinin “cürətli simalarını” göstərməyə çalışırlar. Lakin Berlin mümkün riskləri də nəzərə almağa məcburdur.

“Vaşinqtonun “Şimal axını-2” qaz boru kəməri layihəsində iştirak edən şirkətlərə qarşı sanksiyaların ikinci dalğasını tətbiq edəcəyilə hədələməsi Almaniyanı narahat edir. Bu mənada, digər enerji təchizatçılarının əhəmiyyəti daha da artır. Elə bu həftə biz Merkelin “Şimal axını-2” layihəsinə alternativ kimi Xəzər dənizindən çıxarılan təbii qazın Avropaya daşınması üçün “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi barədə müzakirələr aparmaqdan ötrü Azərbaycana səfər etdiyini gördük.” – deyə, amerikalı analitik bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Almaniya   ABŞ  





Xəbər lenti