ABŞ rəhbərlərinə meydan oxuyan siyasətçi - Trampı cənazəmə buraxmayın!

ABŞ rəhbərlərinə meydan oxuyan siyasətçi - Trampı cənazəmə buraxmayın!
  27 Avqust 2018    Oxunub:5296
Ötən gün 81 yaşında dünyasını dəyişən, uzun müddət beyin xərçəngindən əziyyət çəkən ABŞ-ın respublikaçı senatoru Con Makkeynin ölümü də sağlığındakı kimi Amerika və dünya gündəmində təzadlı baxışlar ortaya çıxartdı.
AzVision.az ABŞ-da həlledici kürsülərə sahib olmasa da, Amerika və dünya siyasətində önəmli təsirə malik respublikaçı senatorun həyatı və iş fəaliyyətilə bağlı maraqlı məqamları oxuculara təqdim edir.

Makkeyn 29 avqust 1936-cı ildə o zamanlar Vaşinqtonun nəzarəti altında olan, lakin ABŞ ərazisinin tərkib hissəsi olmayan Panama Kanalı Zonasında hərbi dəniz qüvvələrinin zabiti Con S.Makkeyn və Roberta Makkeynin ailəsində dünyaya gəlib. O, ailənin 3 övladından ikincisi idi. Makkeynin həm atası, həm də babası ABŞ hərbi donanmasının admiralı olublar. Daha sonra onun atası ABŞ-ın Sakit okeandakı bütün donanma qüvvələrinin kapitanı vəzifəsinədək yüksəlib və bu səbəbdən də, Makkeynin uşaqlıq və yeniyetmə illəri, demək olar ki, Amerikada və ondan kənardakı hərbi dəniz bazalarında keçib.



O, Virciniyadakı Yepiskop internat-hazırlıq orta məktəbində oxuyub və 1954-cü ildə oranı bitirib. Daha sonra atası və babasının yolunu davam etdirərək Merilend ştatındakı Hərbi Dənizçilik Akademiyasına qəbul olub, eyni zamanda 1960-cı ildə uçuş məktəbini bitirib.



Kommunistlərin dəstəklədiyi Şimali Vyetnamla ABŞ-ın arxa çıxdığı Cənubi Vyetnam arasında müharibə başlayanda Makkeyn könüllü şəkildə orda hərbi xidmətə yazılıb və “A-4 Skyhawk” hücum təyyarəsinin pilotu olub. Vyetnam müharibəsində iştirak edərkən 1967-ci ilin 29 iyulunda möcüzəli şəkildə ölümün bir addımlığından geri dönüb. Onun təyyarəsi səhvən ABŞ hərbi aviadaşıyıcısının göyərtəsində olan raketlə vurulub. Güclü partlayış və yanğın nəticəsində 134 nəfər ölüb, lakin Makkeyn sağ qalıb. Ölümdən qaça bilsə də, 1967-ci il oktyabrın 26-da Vyetnam müharibəsindəki 23-cü hava missiyasını yerinə yetirərkən Şimali Vyetnamın paytaxtı Hanoyu bombalayan zaman təyyarəsi raketlə vurulub və Makkeynin hər iki qolu və bir ayağı sınıb. Sağ qalsa da, yaralı halda Şimali Vyetnam kommunistlərinə əsir düşüb.



Onu ələ keçirənlər daha sonra Makkeynin yüksək rütbəli ABŞ zabitinin oğlu olduğunu öyrənəndə ona erkən azadlıq təklif ediblər. Lakin Makkeyn hərbi davranış kodeksini pozmaq istəməyib və həmçinin, bu məsələnin ABŞ-a qarşı güclü təbliğət vasitəsi kimi istifadə olunacağını bilərək kommunistlərə rədd cavabı verib. Nəticədə Şimali Vyetnam kommunistləri onu müxtəlif əsir düşərgələrində 5 il yarım həbsdə saxlayıblar. Bu müddətin 3 il yarımını tək adamlıq təcridxana kameralarında keçirərək işgəncələrə məruz qaldıqdan sonra Makkeyn digər amerikalı əsirlərlə birgə 1973-cü ilin 14 martında sərbəst buraxılıb. Vyetnam müharibəsindəki əməyi və fədakarlıqlarına görə Makkeyn “Gümüş Ulduz”, “Bürünc Ulduz”, “Bənövşəyi Ürək” və “Fəxri Uçuş Xaçı” medallarına layiq görülüb.



Müharibə zamanı aldığı ciddi xəsarətləri sağaltmaq üçün 9 ay reabilitasiya keçib və fiziki baxımdan tam yararlı ola bilməsə də, yenidən hərbi xidmətə qayıdıb. Lakin əsirlikdəki işgəncələrin fəsadları özünü göstərib və əllərinin yaxşı işləmədiyini görən Makkeyn donanmada karyera qura bilməyəcəyini anlayayıb.



Makkeynin siyasətə ilk gəlişinin təməli məhz 1976-cı ildə ABŞ Senatının donanma əlaqələndiricisi təyin olunarkən qoyulub. 1981-ci ildə ikinci dəfə ailə quran Makkeyn hərbi işdən ayrılıb və Arizona ştatına qayıdıb. Qaynatasının pivə biznesində ictimai əlaqələr üzrə işləməyə başlayıb, zamanla ABŞ siyasi səhnəsindəki insanlarla əlaqələr qurub. Bu səbəbdən, “əsl Amerika torpağında” dünyaya gəlməməsi və Arizona ilə heç bir bağlılığının olmamasına dair iddialara baxmayaraq, siyasi tanışlar çevrəsini genişləndirən Makkeynin 1982-ci ildə Arizona ştatından ABŞ Konqressinin Nümayəndələr palatasına seçilməsi çox asan olub. Onun müharibə fədakarlıqları da qələbədə ciddi təbliğat rolunu oynayıb.



1986-cı ildə uzun illər Arizona ştatının senatoru olan respublikaçı Barri Qoldvoter istefa verdikdən sonra isə Makkeynin ABŞ Senatına yolu açılıb. Zamanla Makkeyn amerikalılar və ABŞ siyasi isteblişmenti arasında müharibə adamı, partiya nizamnaməsinə məhəl qoymayan, ABŞ rəhbərliyi ilə bağlı təzadlı mövqe sərgiləyən, siyasi baxışlarında çox zaman ziddiyyətlər olan və olduqca mühafizəkar biri kimi tanınmağa başlayıb. Bütün bunlar üçün əsas var idi. Makkeyn 2000-ci ilin prezident seçkilərində Corc Buşun rəqibi kimi məğlub olsa da, eynicinsli nikahlar, qlobal istiləşmə, miqrasiya siyasətini tənqid etdiyi Buşun yenidən seçilməsini dəstəkləyib. 2008-ci ildə respublikaçıların namizədi kimi yenidən prezident seçkilərinə qatılsa da, Makkeyn bu dəfə Barak Obamaya uduzub.





İraqa hərbi müdaxilənin tərəfdarlarından biri olmağına rəğmən, Makkeyn dəfələrlə Pentaqonun işini tənqid edib. Bu mənada amerikalı senatorun xarici siyasətlə bağlı baxışları da özünəməxsus olub. Makkeynə görə, ABŞ-ın qlobal gücü onun hərbi üstünlüyündədir və bu səbəbdən də, xarici siyasət hərbi istiqamətlə paralel aparılmalıdır. Əgər ABŞ prezidenti olarsa Makkeyn yarıtmaz dövlətlərə qarşı yeni hərbi siyasət tətbiq edəcəyini, onların mövcud hökumətlərini devirib yerində yeni “demokratik” hökumətlər qurmaq üçün həm xarici, həm də daxildəki qüvvələri silahlandıracağını demişdi.

Makkeyn ABŞ-da siyasi rəhbərlik məsələsində də maraqlı mövqeyilə yadda qalıb. Yaxın ətrafında daha çox dindar biri kimi tanınan Makkeyn dinin dövlətdən ayrı olmasının heç də vacib olmadığını düşünüb. Onun fikrincə, dinlə dövlətin “birləşməsinin” qorxusu yoxdur. Bir çoxlarına görə, Makkeyn hətta ABŞ-da teokratik hökumətin formalaşmasına da pis baxmayıb. Bu mənada, çıxışlarının birində o, Amerikadakı müsəlman, buddist, ateist və yəhudilərin narazılığına səbəb olan belə bir fikir səsləndirib: “Bu dövlət başlıca olaraq xristianlar tərəfindən və xristian prinsipləri üzərində qurulduğu üçün, mən şəxsən ABŞ prezidentinin öz dinimə bağlı biri olmasına üstünlük verirəm.”



Makkeyn mühafizəkar respublikaçı olmasına baxmayaraq, eynicinsli nikahlar, abort, qlobal iqlim dəyişikliyi və miqrasiya kimi məsələlərdə partiyanın siyasətilə uzlaşmayan mövqe sərgiləyib. Məsələn, respublikaçılardan fərqli olaraq, o hesab edirdi ki, qanunsuz miqrantlara Amerikada yaşamağa və ABŞ vətəndaşlığı almağa icazə verilməlidir. Əvvəllər “gey”lərlə bağlı nisbətən mühafizəkar davransa da, daha sonra liberal münasibət göstərməyə və hətta onların xeyrinə bir çox qanun aktlarına səs verməyə başlayıb.

35 ildən çox siyasətdə olan respublikaçı Makkeyn hətta ideoloji səbəblərdən Konqressdə öz partiyasına qarşı səs verib, dəfələrlə bir çox məsələlərdə demokratlarla əməkdaşlıq edib. Məsələn, ABŞ-dakı qanunsuz miqrantların əfv edilməsilə bağlı 2007-ci il miqrasiya qanun layihəsinə demokratlarla yanaşı imza atanlardan biri də Makkeyn olub. 2002-ci ildə isə demokratlarla birgə lobbiçilərin seçkilər üzərindəki təsirini azaltmağı hədəfləyən qanun layihəsi hazırlayıb.



Makkeyn ABŞ xarici siyasətində daha aqresiv yanaşmanın tərəfdarlarından olub. O, Suriya müxalifətini Bəşər Əsəd rejminə qarşı dəstəkləyib. 2017-ci ildə Suriyaya gedərək ordakı Amerika hərbçilərini ziyarət edib. Tehrana qarşı kəskin mövqe sərgiləsə də, İrana hərbi müdaxiləyə müsbət baxmayıb. Lakin nüvə silahına malik İranın hərbi müdaxilə edilən İrandan daha pis olduğunu deyib. Şimali Koreyaya isə hərbi müdaxilənin birbaşa tərəfdarı olub. Pxenyandakı totalitar rejimin kütləvi qırğın silahı əldə etməsində keçmiş prezident Bill Klintonu günahkar hesab edən Makkeyn müsahibələrinin birində ABŞ-ın o zaman Şimali Koreyaya hücum etmək şansının olduğunu və bunu əldən qaçırdığını demişdi.

Makkeyn ABŞ-da Rusiyanı ən çox tənqid edən və prezident Vladimir Putinə qarşı sərt yanaşmasilə seçilən konqressmen olub. Putinlə bağlı onun məşhur sitatlarından biri isə belədir: “Mən onun gözlərinə baxdım və yalnız 3 hərf gördüm – K, Q və B.”

Amerikalı senator Putini Rusiyanın enerji resurslarını siyasi silah və təzyiq vasitəsi kimi istifadə etməkdə, həmçinin, Rusiya imperiyasını bərpa etmək istəyində günahlandırıb. Onun fikrincə, Putin dünya üçün çox böyük çətinliklər yaradacaq siyasətçidir.



Heç zaman ağlındakı fikri deməkdən və Amerika rəhbrəliyinin xarici siyasət kursunu tənqid etməkdən çəkinməyən Makkeyn ABŞ prezidenti Donald Trampa qarşı da tənqidi mövqeyilə seçilib. əvvəllər Trampı dəstəkləyən amerikalı senator, onun qadınlar barəsində söylədikləri və zərif cinsin nümayəndələrilə kobud rəftarından sonra ABŞ prezidentinə olan münasibətini dəyişib. Makkeyn Trampı Suriya və Yaxın Şərq üzrə konkret siyasət yürütməməkdə itthiam edib, onun miqrantlarla bağlı işlətdiyi təhqiramiz ifadələrin Amerika dəyərlərinə zidd olduğunu və İŞİD-in əlinə daha çox fürsət verdiyini bildirib, həmçinin Trampı Rusiya ilə yumşaq davranaraq zəiflik göstərməkdə və ABŞ-ın imicinə zərbə vurmaqda suçlanyıb. Makkeyn Moskvanın 2016-cı il ABŞ seçkilərinə müdaxilə etdiyinə əmin olan siyasətçilərdən biri olub. Lakin Trampın ABŞ-ın Yaxın Şərqdəki “dəyişməz müttəfiqi” İsrailin maraqlarını qorumasını hər zaman təqdir edib.



ABŞ prezidenti Tramp da Makkeynə rəğbət bəsləməyib. Hətta seçkiqabağı kampaniyada Tramp Makkeynin tənqidlərinə cavab olaraq onun Vyetnam müharibəsindəki əzablarını məsxərəyə qoyaraq belə deyib: “Makkeyn ələ keçirildiyi üçün (əsir düşdüyü üçün – red.) müharibə qəhrəmanı olub. Mən isə ələ keçə bilməyən insanları sevirəm.”

Amerikalı senatora yaxın mənbələr bildirir ki, Con Makkeyn ölərdə cənazəsinə Trampın gəlməsini istəmədiyini, onun əvəzində vitse-prezident Mayk Pensin iştirak etməsini söyləyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Trump   Makkeyn  





Xəbər lenti