Ombudsmanın əməkdaşları Qobustan həbsxanasında olublar

Ombudsmanın əməkdaşları Qobustan həbsxanasında olublar
  22 Oktyabr 2013    Oxunub:1291
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustandakı həbsxanasına baş çəkiblər.

MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

Başçəkmədə məqsəd həbsxanada saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı bu müəssisənin bütün obyektlərinə, o cümlədən korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə baxış keçirilib, burada saxlanılan 70-ə yaxın məhkum, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər fərdi qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları izah olunub.

MPQ üzvlərinin bu müəssisəyə əvvəlki başçəkmələri zamanı verilmiş tövsiyələrin əksəriyyətinin icra olunduğu müəyyən edilib. Belə ki, cərimə təcridxanasında gəzinti yerinin üçdə bir hissəsinin üstü yağış və gündən qorunmaq üçün örtülüb, təcridxanadan artıq çarpayılar çıxarılıb, bir neçə kamerada şərait yaxşılaşdırılıb, şəhərdaxili danışıq üçün telefon nömrələrinin sayı 3-dən 6-ya çatdırılıb.

Məhkumlar tibb-sanitar hissəsinin rəhbərliyindən, eyni zamanda lazımi dərman preparatlarını ala bilmələrindən razılıq ediblər.
Habelə oktyabrın 9-da Azərbaycanda keçirilən Prezident seçkiləri günü həbsxanada bütün məhkumların səsverməsi üçün müvafiq şəraitin yaradıldığı müəyyən edilib.

Qəbul edilmiş məhkumların qaldırdığı problemlərlə və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bir sıra tövsiyələr yerində həll edilib, digərlərinin isə həlli istiqamətində gələcəkdə iş aparılacağı bildirilib.

Azərbaycan ədliyyə nazirinə başçəkmənin nəticələri üzrə məktub göndərilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti